...

Qorbaçovun məhkəməsində hansı qərar çıxarıla bilər?

Siyasət Materials 6 Yanvar 2012 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar / Trend/

Rusiyalı hüquqşünaslar RF vətəndaşları Həmkarlar İttifaqının xahişi ilə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun məhkəmə işinin başlaması mexanizmini hazırlayıblar. Bunu publisist, iqtisadçı və yazıçı Nikolay Starikov öz bloqunda yazır. Trend-in məlumatına görə, bu barədə "Vestnik Kafkaza" xəbər verir.

"SSRİ prezidentinin səlahiyyətlərini yerinə yetirməyən və ona etibar olunan dövlətin süqutuna yol verən Qorbaçovun məhkəməsi zəruridir", - publisit hesab edir.

Öz məlumatında o, 1991-ci ilin noyabrında SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov barəsində qaldırılmış cinayət işinin bərpası üçün hərəkət formatı təklif edir, bunun üçün RF İstintaq Komitəsinə müraciət etmək lazımdır.

Starikov xatırladıb ki, 1991-ci il noyabrın 4-də SSRİ Baş Prokurorluğunun Dövlət Təhlükəsizliyi üzrə qanununların icrasına nəzarət üzrə İdarəsinin o zamankı rəisi, mərhum Viktor İlyuxin SSRİ prezidenti Qorbaçov barəsində vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırıb. Lakin təhqiqatın davam etdirilməsi baş tutmayıb. Keçmiş SSRİ Baş prokuroru Trubin qərarı ləğv edib, Viktor İlyuxin isə xidmətdən qovulub. Bu da onun gələcək deputat karyerasının başlanğıcı olub. Məhz bu cinayət işinin bərpasını Starikov tələb etməyə hazırlaşır.

Qorbaçovun mümkün məhkəməsinin perspektivlərini "Vestnik Kafqaza" saytı üçün şərh edən Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev bildirib ki, bu gün siyasətdə o qədər qeyri-adi şeylər baş verir və hadisələr o qədər gözlənilməzdir ki, bu fonda Qorbaçovun məhkəməsi qeyri-adi görünməyəcək. "Əlbəttə, hüquqi məhkəmə keçiriləcək və ya yox, bu daha böyük məsələdir, lakin zamanın və vicdanın məhkəməsinin olduğu tamamilə birmənalıdır. Qorbaçov mühakimə olunmağa ona görə layiqdir ki, o, ona tapşırılan vəzifənin öhdəsindən gələ bilmədi - o, SSRİ-nin süqutuna yol verdi. Bundan əlavə, qanlı toqquşmalara yol açdı və məhz onun dövründə bu günədək sönməyən və həmin xalqların hamısı üçün faciəyə çevrilən SSRİ məkanındakı qanlı münaqişələrin əsası qoyuldu. Qorbaçov Vilnüsdə və Riqada, Tbilisidə və əlbəttə ki, Bakıda baş vermiş hadisələrə görə birbaşa məsuliyyət daşıyır. Şübhəsiz ki, köklər dərindir və geç partlayan minanın əsasının hələ SSRİ-nin yarandığı zaman qoyulduğunu deyə bilərlər. Lakin faktiki olaraq, məhz Qorbaçov əvvəllər çərçivələrinin məhdudlaşdırıldığı millətçiliyin inkişafı və bunun da nəticəsi olaraq Qarabağ münaqişəsi üçün əlverişli şərait yaratdı. Ona görə o məhkəmə qarşısında dura və əməllərinə görə cavab verə bilər", - Ağakişiyev hesab edir.

"Vestnik Kafqaza"nın baş redaktoru Aleksey Vlasovun fikrincə, hüquqi baxımdan Mixail Qorbaçovun cinayət araşdırmasının heç bir perspektivi yoxdur. Buna baxmayaraq, "Qorbaçovun ehtimal ki, bu günün hansısa real siyasi fikirlərinin obyekti deyil, daha çox tarixi və müəyyən dərəcədə mifoloji fiqur olduğuna görə, istənilən belə bəyanatlar daha çox tarixi keçmişin qiymətləndirilməsinə yönəlib. Səbəb heç Qorbaçovun özü də deyil, SSRİ-nin süqutundan əvvəl son illərdə yaranmış şəraitdir. Və bu baxımdan məhkəmə araşdırması həqiqətin ortaya çıxması üçün üsuldur. Çünki SSRİ-nin ilk və keçmiş prezidenti ziddiyyətli fiqurdur - hardasa Qorbaçova nifrət edirlər, əsasən Avropada, o cümlədən də Almaniyada onu qətiyyən sevmirlər. Ona görə də buna hüquqi perspektivi olan iş kimi deyil, bizim mürəkkəb ümumi tarixi keçmişimizi araşdırmaq cəhdi kimi baxılmalıdır", - ekspert qeyd edib.

Xəbər lenti

Xəbər lenti