...

Azərbaycan və Fransa parlamentariləri müzakirələr aparıblar

Siyasət Materials 6 Fevral 2012 14:19 (UTC +04:00)
Fransa Senatının Qafqaz üzrə dostluq qrupu sədrinin müavini Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində bazar ertəsi Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
Azərbaycan və Fransa parlamentariləri müzakirələr aparıblar

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir M.Əliyev/

Fransa Senatının Qafqaz üzrə dostluq qrupu sədrinin müavini Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində bazar ertəsi Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan-Fransa münasibətləri, həmçinin parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub.

Təvəkküloğlu deyib ki, görüş zamanı Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qəbul etdiyi qanun ətrafında fikir mübadiləsi aparılıb.

Natali Qule ilə yanaşı, Azərbaycana daha beş senator - Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju gəlib. Bu, onların Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun"un əleyhinə səs vermiş senatorlardır.

Gün ərzində nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü nəzərdə tutulub.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti