Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/
Beynəlxalq terrorçuluqla mübarizə Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Ötən il nazirliyin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş terror hadisələrinin qarşısı uğurla alınıb. Trend-in məlumatına görə, bunu cümə axşamı milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev "Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
"Bu ilin yanvar ayında isə Bakı şəhərində fəaliyyət göstərən əcnəbi vətəndaşlara qarşı terror aktı törətməyə hazırlaşan xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bir qrup zərərsizləşdirilib. Bununla yanaşı, Pakistan, Əfqanıstan ərazisində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan bir neçə Azərbaycan vətəndaşı tutularaq cinayət məsuliyyətinə cəlb olunub", - Şəfiyev əlavə edib.
Onun sözlərinə görə, erməni terroru və Ermənistanın təcavüskar separatçılıq siyasətinin ifşasına xidmət edən 10 minlərlə vəsait, o cümlədən nüfuzlu elm adamlarının əsərləri müxtəlif dillərə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. Bu fəaliyyət fasiləsiz davam etdirilir.
Şəfiyev qeyd edib ki, Ermənistan xətti üzrə son vaxtlar əldə edilən nailiyyətlər xüsusi vurğulanmalıdır. Nazirliyin bu sahədə fəaliyyətinin prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi krusu üçün əlverişli şəraitin yaradılmasıdır.
Nazir müavini deyib ki, Ermənistanın təcavüzkar dövlət kimi tanınması, erməni terrorunun ifşası istiqamətindəki fəaliyyət bir an belə səngimədən digər dövlət orqanları ilə əlaqəli şəkildə aparılır.
Şəfiyev, həmçinin bildirib ki, bu gün Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat və əks-kəşfiyyat, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmini və s. istiqamətlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bir orqan səviyyəsinə yüksəlib.
Onun sözlərinə görə, hazırda 50-dən çox ölkənin təhlükəsizlik orqanları ilə dinamik və bərabərhüquqlu əməkdaşlıq münasibətlərinə malik olan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının beynəlxalq sülh və təhlükəsizliyin təmini üzrə fəaliyyətinə mühüm töhfə verib.
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilən siyasi kurs ölkənin sivil, demokratik, hüquqi dövlət kimi inkişafına hərtərəfli zəmin yaradıb. Bu dinamik inkişafda təhlükəsizlik orqanlarının da özünəməxsus əməyi var. Milli maraqların daha etibarlı qorunması, dövlətçiliyin və daxili sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkə rəhbərliyinin yaxın və etibarlı köməkçisi olan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti son illərdə xalqın bu orqana etibarını daha da artırıb", - Şəfiyev əlavə edib.