...

Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi müzakirə olunub

Siyasət Materials 15 Mart 2012 13:35 (UTC +04:00)
Strateji Araşdırmalar Mərkəzində (SAM) cümə axşamı "Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi" mövzusunda konfrans keçirilib.
Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi müzakirə olunub

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir M.Əliyev/

Strateji Araşdırmalar Mərkəzində (SAM) cümə axşamı "Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında SAM-ın direktor müavini Gülşən Paşayeva qeyd edib ki, Azərbaycan Türkiyə ilə əlaqələrə hər zaman xüsusi önəm verib. "Azərbaycanın ən yaxın müttəfiqi və tərəfdaşı olan Türkiyə ilə əlaqələri daim yüksələn xətlə inkişaf edib və Türkiyə əlaqələri xüsusi önəm kəsb edir", - o deyib.

Paşayeva qeyd edib ki, Türkiyə və Azərbaycanın birgə məqsədyönlü səyləri nəticəsində Fransa Senatının vaxtı ilə qəbul etdiyi antitürk qanun bu gün öz aktuallığını itirib.

Tədbirdə İstanbul Universitetinin rektor müavini Əhməd Cavad bildirib ki, Türk Ocaqlarının 100 illiyi ilə bağlı tədbirlərə Bakıda start verilməsi təsadüfi deyil. "Türk Ocaqlarının qurulmasında Azərbaycan ziyalılarının böyük rolu olub", - o deyib. Cavad qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər qədim tarixə malikdir. "Türkiyə ilə Azərbaycanın birgə tarixi gələcək perspektivləri üçün gözəl zəmin yaradır", - rektor müavini bildirib.

Cavad, həmçinin qeyd edib ki, Türkiyədə bir sənətçinin "Sarı gəlin" mahnısını erməni dilində oxuması burada olduğu kimi, onları da narahat edir.

Milli Məclisin deputatı Rəbiyyət Aslanova çıxışında bildirib ki, oxşar tarix, dil Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır. Onun sözlərinə görə, bu gün hər iki dövlət hansı real potensialının olduğunu müəyyənləşdirməlidir. O, Taksim meydanında keçirilən mitinqi xatırladaraq birliyin vacibliyini vurğulayıb.

Mili Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında Türkiyə ictimaiyyətinin Azərbaycanı tanımasında bəzi problemin olduğunu qeyd edib. O, bu gün Azərbaycanda hər kəsin türk telekanallarını izlədiyini vurğulayaraq, Türkiyədə Azərbaycan mediasının kifayət qədər yayılmadığını qeyd edib. "Türkiyədə Azərbaycanla bağlı daha dolğun və düzgün istiqamətdə məlumatlar yayılmalıdır", - Paşayeva deyib. Millət vəkili, həmçinin hər iki ölkədə tarix dərsliklərində türk tarixinə xüsusi yer ayrılmasını vacib sayıb.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan və Türkiyə arasında əlaqələrin gələcəyi barədə öz fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti