...

Azərbaycan Prezidenti və xanımı Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak ediblər (FOTO)

Siyasət Materials 19 Mart 2012 14:49 (UTC +04:00)
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir.
Azərbaycan Prezidenti və xanımı Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 19 mart / Trend/

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmişlər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parka gəldilər. Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılandı. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinlədilər.

Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunurdu.

Dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim edildi.
Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular.

Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxdılar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içdilər.
Dövlətimizin başçısı və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər.
İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirirdilər.

Milli parkda təşkil edilmiş "Şərq bazarı"nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları da sərgilənmişdi. Bu sərgi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar uğurla yerinə yetirilir.
Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdirdilər.
Bahar qız Prezident İlham Əliyevə və Mehriban xanıma bayram xonçası təqdim etdi.

Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edildi.

Dövlətimizin başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verildi. Bildirildi ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaqdır.

Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzaladılar.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini seyr etdilər.
Dövlətimizin başçısı onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti