...

"Daily Times" qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc edib

Siyasət Materials 2 Aprel 2012 10:53 (UTC +04:00)
Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan İslam Respublikasında milyonlarla oxucu kütləsinə malik olan ölkənin nüfuzlu ingilisdilli “Daily Times” qəzetində həmin nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin “Eurovision 2012: Böyük bayram gözləntisində” adlı məqaləsi dərc edilib.
"Daily Times" qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan İslam Respublikasında milyonlarla oxucu kütləsinə malik olan ölkənin nüfuzlu ingilisdilli "Daily Times" qəzetində həmin nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin "Eurovision 2012: Böyük bayram gözləntisində" adlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Onların bir çoxu Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar" sözləri ilə başlanan məqalədə "Eurovision" tarixindən bəhs edilib, bu tədbirin Avropanın ən mötəbər mahnı müsabiqəsi olduğu qeyd olunub.

Azərbaycan duetinin 2011-ci ildə Düsseldorfda keçirilən müsabiqənin qalibi olduğunu qeyd edən Dure Nəcəf ölkəmizin bu tədbirdə cəmi dördüncü dəfə iştirakından sonra qalib gəlməsini inanılmaz fakt kimi dəyərləndirib.

Müəllif mayda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi məqsədi ilə dövlət tərəfindən ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradıldığını vurğulayıb.

Müəllif məqalədə parlaq şəxsiyyət və heyranedici xanım Mehriban xanım Əliyevanın öz xeyirxahlığı ilə insanların qəlblərini fəth etdiyini oxucuların nəzərinə çatdırıb.

Məqalədə Heydər Əliyev Fondunun ölkədə apardığı irimiqyaslı layihələrdən, təşkilatın fəaliyyətinin həyatın bütün sahələrini - təhsil, elm, mədəniyyət, ekologiya, idman, din və digər bu kimi əhəmiyyətli sahələri əhatə etdiyi vurğulanıb.

Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən ölkədə məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzi, konsert zalları, musiqi liseyləri, məscidlər inşa olunub, ölkə və dünya mədəniyyətlərinin irsinin qorunub saxlanması üçün tədbirlər həyata keçirilib.

Dure Nəcəf Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş qızlar məktəbinin iki qardaş xalq arasında qardaşlıq simvolunun rəmzinə çevrildiyini vurğulayıb.

Müsabiqənin keçiriləcəyi yer haqqında ətraflı məlumat verən jurnalist "Bakı Kristal Zalı"nın 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürməsi çərçivəsində idman arenalarının siyahısına daxil olunduğunu qeyd edib.

Məqalədə konsert zalının Xəzərin sahilində, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşdiyi və oradan şəhərin möhtəşəm mənzərəsinin göründüyü bildirilib. Qeyd olunub ki, arxitekturası Şərqlə Qərb mədəniyyətlərinin simvolu olan bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaq. Vurğulanıb ki, binanı bəzəyən çoxsaylı kristalların rəqsi qeyri-adi vizual effektlər yaradacaq.

Məqalənin müəllifi kompleksin yanında müsabiqəni işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzinin yerləşəcəyini, şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacağını və bu teleekranlar vasitəsilə müsabiqəni izləməyin mümkün olacağını bildirib.

Oxucuların nəzərinə çatdırılıb ki, "Eurovision 2012"-yə hazırlıq tədbirləri çərçivəsində qonaqların qarşılanması üçün yeni hotellər inşa olunub, şəhərdə abadlıq işləri görülüb, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə müsabiqəni seyr etmək üçün ölkəyə gələn xarici turistlərin viza alması proseduru sadələşdirilib.

Məqalədə qeyd olunub ki, Mehriban xanım Əliyeva Trend informasiya agentliyinə müsahibəsində bildirib ki, musiqi dili milliyyətindən və etiqadından asılı olmayaraq hamıya aydındır.

Birinci xanımın sözlərinə görə, bu, çox rəmzidir ki, həmin may günlərində müxtəlif ölkələrin musiqi nümayəndələri müxtəlif musiqi üslubları ilə bir səhnədə dayanacaqlar və müxtəlif dillərdə mahnılar səsləndirəcəklər. Bu, müsabiqədə iştirak edənlərin, qonaqların, tamaşaçıların əksəriyyəti üçün ölkəmizlə ilk tanışlıq olacaq.

Məqalə müəllifinin yazdığına görə, Mehriban xanım Əliyeva müsahibədə sonra əminliklə qeyd edib ki, qarşıdakı müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Çoxsaylı qonaqlar görəcəklər ki, Bakı necə gözəldir. Onlar tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://www.dailytimes.com.pk/default.asp?page=2012%5C03%5C31%5Cstory_31-3-2012_pg7_12

Xəbər lenti

Xəbər lenti