...

Avronest PA-nın vitse-prezidenti Ermənistan nümayəndə heyətinin əsassız fikirlərinə cavab verib

Siyasət Materials 9 Aprel 2012 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Avronest PA-nın vitse-prezidenti Ermənistan nümayəndə heyətinin əsassız fikirlərinə cavab verib.

Avronest PA-nın vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa müraciətində qeyd edib ki, Avronest PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirilib və sessiya zamanı onların təhlükəsizliyi yüksək peşakarlıqla Azərbaycan tərəfindən tam təmin edilib.

AVCIYA-dan bazar Ertəsi Trend-ə verilən məlumata görə, müraciətdə vurğulanıb ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Hovannisyan etiraf edib ki, "onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir aqressiyanın şahidi olmayıblar".

"Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla, bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik. Təəssüf hissi ilə bildirməliyəm ki, Ermənistan nümayəndə heyəti sessiya başa çatdıqdan sonra Yerevanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrifedici fikirlər söyləyiblər və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çalışıblar", - müraciətdə bildirilir.

Süleymanov qeyd edib ki, Ermənistan nümayəndə heyətinin rəhbərinin Azərbaycanda "Ermənistan nümayəndə heyətinin KİV nümayəndələrindən və Avropa deputatlarından tamamilə təcrid edildiyini" və özünün "gizli inqilabi hiylələr"dən istifadə edərək bir KİV-ə geniş müsahibə verdiyini iddia edir.

"Bununla bağlı bildirmək istərdim ki, Hovannesyanın müsahibəsi Azərbaycanın bütün nüfuzlu qəzetlərində çap olunub, aparıcı telekanalların "Xəbərlər" proqramında yayımlanıb. O, Azərbaycan vətəndaşlarının yüksək səviyyədə qonaqpərvərliyindən, erməni nümayəndə heyətinin üzvlərinə qarşı hər hansı düşmənçilik nümayiş etdirməmələrindən və loyal münasibət göstərmələrindən sui-istifadə edib, Dağlıq Qarabağı "özlərinin dağları" adlandıraraq, Azərbaycan vətəndaşlarının bu "dağlar uğrunda ölmək istəmədiyi" kimi təxribat xarakterli informasiya yayıb", - Süleymanov bildirib.

O, müraciətdə vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin rəhbəri bildirir ki, "bütün dövlət qurumları və agentliklərinin divarlarında Qarabağın da daxil edildiyi xəritələr asılmışdı. Beləliklə, hakimiyyət orqanları əhaliyə onların unutmaq istədiyi "Böyük Azərbaycan" fikrini xatırlatmağa çalışırlar".

"Bununla bağlı vurğulamalıyam ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın dövlət müstəqilliyi keçmiş SSRİ-nin tərkibinə daxil olduğu sərhədlər çərçivəsində tanınıb. Odur ki, həm tarixi, həm də hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir və bizim xəritələrimiz bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, NATO və AŞPA-nın divarlarında görə biləcəyiniz xəritələrlə tamamilə eynidir. Aydındır ki, ictimaiyyətə belə bəyanatlar vermək absurddur və bu, yalnız Ermənistanın ölkəmizə qarşı davam edən düşmənçiliyini və beynəlxalq təşkilatların fikrinə etinasızlığını sübut edir", - Süleymanov bildirib.

O qeyd edib ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin plenar iclasdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirləri şübhə altına alıb.

"Xatırlatmaq istərdim ki, cənab Prezident öz nitqində bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində öz təsdiqini tapmış faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb, 25-26 fevral 1992-ci il tarixdə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin soyqırım cinayəti olduğunu bildirib, Xocalı soyqırımını "barbarlıq aktı və faşizmin təcəssümü" kimi dəyərləndirib. Odur ki, ermənistanlı həmkarımızın Azərbaycan Respublikasının Prezidentinə qarşı "müharibəyə təhrik vasitəsilə siyasi dividendlər qazanması" kimi əsassız ittihamlar irəli sürməsi qətiyyən yolverilməzdir. Belə ki, Prezident İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan Azərbaycan Respublikasının özünümüdafiə hüququnun olmasına baxmayaraq, münaqişənin dinc yolla həllinə nail olunmasının və bu məqsədlə danışıqlar prosesinin davam etdirilməsinin vacib olduğunu bəyan edib", - müraciətdə qeyd olunub.

Süleymanov müraciətdə bildirib ki, "Avronest PA-nın Sosial məsələlər komitəsinin bu ilin fevral ayında Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri bizi əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdilər, Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda iclaslar keçirdilər".

"Lakin biz Avronest PA-nın fəaliyyətini təhlükəyə atmamaq, qurumun məqsədlərinə nail olmaq və bu istiqamətdə irəliləmək məqsədilə əməkdaşlığa üstünlük verdik, bu təxribat xarakterli əməllərə reaksiya vermədik. Ermənistan nümayəndə heyətinin üzvləri Avronest PA-nın Bakı sessiyası zamanı yenə də Assambleya üzvləri arasında antiazərbaycan təbliğatları özündə əks etdirən üç kitab yaydılar. Azərbaycan tərəfi bu dəfə də Avronest PA-nın fəaliyyətinə kölgə salmamaq, ikinci sessiyanın uğurla başa çatmasına nail olmaq məqsədilə bu təxribatlara reaksiya vermədi, Avronest PA-nın məqsədlərinə nail olmaq üçün əməkdaşlığa üstünlük verdi", - müraciətdə deyilir.

Süleymanov təssüflə bildirib ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 4-də prosedur məsələsi ilə cavab verdilər, Assambleyanın üzvləri və həmprezidentləri tərəfindən yekdilliklə həm siyasi, həm də texniki baxımdan yüksək qiymətləndirilən Avronest PA-nın Bakı sessiyasına ədalətsiz olaraq xələl gətirməyə çalışdılar.

"Avronest PA-nın Bakı sessiyası və onun uğurlu nəticələri bir daha göstərdi ki, Azərbaycan dinc və hamı ilə əməkdaşlığa açıq ölkədir, Avronest PA-nın məqsədlərinə nail olunması bizim ölkəmizin prioritetləri sırasındadır. Eyni zamanda hesab edirik ki, Avronest PA-dakı bütün tərəfdaşlar və dostlar üçün olduğu kimi, bizim ölkəmizin də beynəlxalq hüquqda təsbit edilmiş hüquqları və Avropa dəyərlərinə riayət etmək hüququ qorunmalı, onlara hörmətlə yanaşılmalıdır. Odur ki, biz ermənistanlı həmkarlarımızı bu kədərli epizodun Avronest PA çərçivəsində indiyə qədər gördüyümüz işləri təhlükəyə atmasına icazə verməməyə çağırırıq", - Süleymanov qeyd edib.

Avronest PA-da Azərbaycan nümayəndə heyəti qurumun Bakı sessiyasının uğuruna mane ola bilmədiklərinə peşman olan Ermənistan nümayəndə heyətini hər cür qeyri-obyektiv, qərəzli, təxribat xarakterli bəyanatlarına və antiazərbaycan təbliğatına son qoymağa və bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü əks etdirən qətnamələrinə hörmətlə yanaşmağa dəvət edir, Avronest PA-nın məqsədlərinə nail olunması istiqamətində əməkdaşlığa çağırır.

Xəbər lenti

Xəbər lenti