Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendə baxdı.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Perronun sahəsi 309 min kvadratmetrdir.
Dövlətimizin başçısı yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra Azərbaycan Prezidenti mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış oldu.
Bildirildi ki, "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi və "Azvirt" MMC-nin baş podratçılığı ilə görülən işlərə mövcud hava terminalının yenidən qurulması, yeni terminal binasının inşası, ümumi sahəsi 63 min kvadratmetr olan vağzalətrafı meydanın tamamilə yenilənməsi, uçuşları idarə edəcək yeni naviqasiya binasının tikintisi, yeraltı və yerüstü kommunikasiya xətlərinin təzələnməsi daxildir.
Yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni kompleks istifadəyə verildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcəkdir.
Bildirildi ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcəkdir. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcəkdir.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak edib (FOTO)
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur
