...

Fuad Ələsgərov: Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması prosesi sürətlə gedir (MÜSAHİBƏ)

Siyasət Materials 25 Aprel 2012 14:43 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsi
Fuad Ələsgərov: Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması prosesi sürətlə gedir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsi

- 26-29 aprel tarixlərində şəhərimizdə Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu keçiriləcəkdir. Bu tədbirin keçirilməsinə Sizin münasibətiniz necədir?

- Bu gün Azərbaycan bütün sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilmə ünvanıdır. Bu baxımdan belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Bildiyiniz kimi, son dövrlər respublikamızda elm, mədəniyyət, idman, təhsil və digər sahələrdə silsilə beynəlxalq tədbirlər, dünya çempionatları, qlobal forum və konfranslar keçirilməkdədir. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun, iqtisadi inkişafının və nailiyyətlərinin təcəssümüdür. Avropaya inteqrasiya istiqamətində görülən işlər və əldə edilmiş nailiyyətlər artıq Azərbaycanı beynəlxalq səviyyədə birgə tədbirlərin keçirilməsi üçün etibarlı partnyora çevirmişdir. Ölkəmiz Avropa hüquq məkanına qoşulmuş, hüquq, məhkəmə, dövlət idarə etmə sistemini yenidən qurmuşdur. Avropa İnsan hüquqları Konvensiyası və 50-yə yaxın digər Avropa Konvensiyası ölkəmizin daxili hüququnun tərkib hissəsinə çevrilmişdir.

Bu Forumun Azərbaycanda keçirilməsi bizi çox sevindirir. Bu, dövlətimizin gənclərə göstərdiyi qayğının, onlara yaratdığı münbit fəaliyyət mühitinin və gənclərin təşəbbüskarlığının nəticəsidir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-2015-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramını qəbul etmişdir. Bu tədbirlərin dəstək və təşviq edilməsinin nəticəsi olaraq, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərinə yer edir və onlara göstərilən etimadları doğruldurlar.

- Bu Forumun təşkilatçıları Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan bölməsidir. Təşkilat və bu tədbirin məqsədi barədə ümumi məlumat almaq istərdik.

- Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (European Law Students Association - ELSA) dünya üzrə hüquq tələbələrinin ən böyük təşkilatıdır. Bu təşkilat Avropanın 41 ölkəsində, 300 universitetində 32,000-dən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir. ELSA-nın baş qərargahı Brüssel şəhərindədir. Təşkilat hüquq tələbələrini öz bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək və Avropa üzrə hüquq tələbələri və peşəkarları ilə əlaqələr qurmaq üçün platforma ilə təmin edir. Azərbaycan təşkilata 2011-ci ildə üzv olmuşdur və ELSA-Azərbaycan adı altında fəaliyyətə başlamışdır. Yerli bölməsi fəaliyyətə başladığı dövrdən ELSA Azərbaycanda bir sıra layihələr, o cümlədən rəmzi məhkəmə prosesləri və elmi dərnəklər təşkil etmiş, onlarla hüquqşünas gəncin Avropada təşkil olunmuş beynəlxalq tədbirlərdə və yay məktəblərində iştirakına dəstək vermişdir. ELSA-Azərbaycan tərəfindən hüquq tələbələri arasında təşkil edilən rəmzi məhkəmə prosesləri müsabiqəsi tələbələr arasında geniş marağa səbəb olmuşdur. Yeri gəlmişkən, qarşıdan gələn Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsində bu müsabiqənin final mərhələsi keçiriləcəkdir.

Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumunun keçirilməsi ideyasının müəllifləri və təşkilatçıları da gənc hüquqşünaslardır. Bu gənclər qısa müddət əvvəl Avropa Hüquqşünas Tələbələr Assosiasiyası ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və bu təşkilatın Azərbaycan bölməsini təsis etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd Avropanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasları bir araya gətirmək, onların təhsil və peşə problemlərini, iş perspektivlərini, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etməkdir.

- Son dövrlər Azərbaycanda məhkəmə hüquq sahəsində geniş islahatlar həyata keçirilmişdir. Bu proseslərdə gənclərin iştirakı hansı səviyyədədir?

- İlk olaraq qeyd etməliyəm ki, Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması prosesi sürətlə gedir. Bu proses dövlət siyasətinin bir hissəsidir və cənab Prezident tərəfindən tam dəstəklənir. Digər peşələr kimi, hüquq peşəsi də bu prosesdən kənarda qalmamış və əhəmiyyətli dərəcədə gəncləşmiş və yenilənmişdir. Hazırda məhkəmə sistemində fəaliyyət göstərən hakim heyətinin 50%-i son illər hakim fəaliyyətinə başlayan şəxslərdir. Yeni hakimliyə namizədlərin 66%-i gənclərdir. Bu gün prokurorluq, ədliyyə və polis orqanlarında çalışanların 50%-i gənclərdir. Ədliyyə orqanlarında 2006-cı ildən çalışan şəxslərin 80%-i gənclərdir. Vəkillər Kollegiyasına üzv olan 850 vəkilin 30%-i 40 yaşadək olan şəxslərdir. Bildirməliyəm ki, bu rəqəmlərin son illər üzrə artım dinamikası müsbətdir və gənclərə münasibətdə həyata keçirilən bugünkü dövlət siyasəti qarşıdan gələn illər üzrə bu rəqəmlərin daha da artacağını deməyə imkan verir. Avropa standartlarına uyğun şəkildə, şəffaf qaydalar əsasında formalaşdırılmış müasir hakim korpusu, vəkillik, prokurorluq və polis gənc peşəkarların hesabına daha dinamik, dəyişikliklərə münasibətdə daha həssas və çevik olmuşdur.

- Sizin Beynəlxalq Bakı Forumunun iştirakçıları olan gənc hüquqşünaslara arzularınızı öyrənmək istərdik.

- Əminəm ki, bu Forum hüquq peşəsinə yiyələnmək, bu sahədə karyeraya başlamaq sahəsində gənclər üçün yeni cəlbedici, ümidverici üfüqlər açacaq. Forumun mövzusu da belə düşünməyə əsas verir. Bu tədbir indiyə qədər görülən işlərin məntiqi davamı olaraq, həm də beynəlxalq əməkdaşlıqda yeni səhifə açacaq, bizi ümumi məqsədlərimizə çatmağa daha da yaxınlaşdıracaq. Ümid edirəm ki, gənclərin təşəbbüskarlığı, sərhədləri keçən dostluq münasibətləri və gənc hüquqşünasların maariflənməsi üzrə həyata keçirdikləri fəaliyyət qısa müddət ərzində öz müsbət nəticəsini verəcəkdir. Bütün iştirakçılara öz peşəkar həyatlarında uğurlar arzulayıram.

Xəbər lenti

Xəbər lenti