Azərbaycan, Bakı, 4 iyul /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan və Bolqarıstanın Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, memorandumu hər iki ölkənin Konstitusiya məhkəmələrinin sədrləri Fərhad Abdullayev və Yevgeni Tançev imzalayıblar.
Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirən Abdullayev qeyd edib ki, sənəd ölkələrimizin müvafiq qurumları arasında münasibətlərdə yeni mərhələnin hüquqi əsasını təşkil edəcək. İmzalanmış memorandum, eyni zamanda, Azərbaycan-Bolqarıstan əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışan Abdullayev ölkəmizin hərtərəfli inkişafını vurğulayıb, Avropa Şurasının tamhüquqlu üzvü olduğunu diqqətə çatdırıb.
O bildirib ki, 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsi nisbətən gənc təsisat olmasına baxmayaraq, ildən-ilə fəaliyyətini beynəlxalq təcrübəni nəzərə almaqla təkmilləşdirir.