...

Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir

Siyasət Materials 10 Avqust 2012 18:19 (UTC +04:00)
Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir.
Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında hakim partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladan Qurbanlı may ayında ölkəmizin bu quruma uğurla sədrlik etdiyini bildirib. YAP icra katibinin müavini qeyd edib ki, bu gün dünya miqyasında çox böyük dəyişikliklər baş verməkdədir.

Onun sözlərinə görə, dünya miqyasında gedən proseslərə uyğun siyasət qurulması vacibdir. Azərbaycanın dostlarının sayı durmadan artmaqdadır və bu artımın ən bariz göstəricisi BMT Baş Assambleyasında 155 ölkənin Azərbaycanın namizədliyinə dəstək verməsi idi.

"Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlədən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşa olunması, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaq, eyni zamanda, bəzi ölkələrin Ermənistana münasibətində bizim maraqlarımıza zidd addımlar atmasına mane olmaqdır. Yəni biz çalışmalıyıq ki, hansısa üçüncü ölkə Ermənistanla münasibətlərini həyata keçirərkən bu münasibətlər Azərbaycanın maraqlarına ziyan vurmasın", - millət vəkili vurğulayıb.

Qurbanlı deyib ki, bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də Azərbaycan XİN dövlət başçısının tapşırığı ilə Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir.

"Hədəflərə nəzər salsaq, Latın Amerikası ölkələrinin rəsmi şəxslərinin Azərbaycana səfərləri, o cümlədən nümayəndə heyətlərimizin bu ölkələrə səfərləri qanunauyğundur. Xüsusilə, son vaxtlar Latın Amerikası ölkələrində, Kolumbiya və Meksikanın parlamentlərində Xocalı soyqırımı ilə əlaqədar qərarlar qəbul olunub. Eləcə də Argentina, Braziliya ilə də əlaqələrin gücləndirilməsi yönündə işlər gedir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dvidentlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur", - YAP icra katibinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti