...

Azərbaycanın siyasi partiyaları Avropa Parlamentinə Ramil Səfərovla bağlı müraciət qəbul ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 Sentyabr 2012 18:12 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar müzakirələr başlayıb.
Azərbaycanın siyasi partiyaları Avropa Parlamentinə Ramil Səfərovla bağlı müraciət qəbul ediblər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:29-da yayılıb)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar müzakirələr başlayıb.

Trend-in məlumatına görə, tədbirdə YAP-ın sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, BAXCP sədri Qüdrət Həsənquliyev, AXCP sədrinin müavini Razi Nurullayev və digərləri iştirak edirlər.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, müzakirəyə çıxarılan məsələ milli maraqlar baxımından hər bir Azərbaycan vətəndaşı üçün vacib əhəmiyyət kəsb edir.

Tədbir iştirakçılarına qəbul olunacaq sənəd layihəsi (etiraz məktubu) paylanılıb.

Müzakirələrin yekunu olaraq, Avropa Parlamentinə müraciət qəbul olunub.

"Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutub. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunub, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulub. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə və Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə Assosiativ sazişə sadiqliyini bəyan edir", - müraciətdə qeyd edilir.

Bildirilir ki, Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul edib. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapıb. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul edib. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.

"Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir. Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir", - müraciətdə deyilir.

Sənəddə qeyd olunur ki, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi "Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya"nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad olunaraq həyata keçirilib. Təəssüf ki, Avropa strukturlarının bir sıra qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar və sənədlər yayılıb.

"Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulub və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi gedişində bir çox yaxınları, qohumları öldürülüb, ailəsi isə qaçqın vəziyyətinə düşüb. Ramil Səfərov 2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz qalıb və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son vasitəyə əl atıb. Ramil Səfərovun üzərində Budapeştdə aparılan məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm prinsipləri ilə uzlaşmayan hökm verilib. Halbuki, Avropa ölkələrinin məhkəmələrində belə sərtlik özünü büruzə vermir. Son misal kimi, Norveçdə Breyvik üzərində qurulan məhkəmə və onun çıxardığı qərarı göstərə bilərik. Qeyd etmək istərdik ki, Ramil Səfərov onun üçün müəyyən olunmuş cəzanın 9 ilini həbsxanada keçirib", - müraciətdə deyilir.

Qeyd olunur ki, hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana ekstradisiya edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törədiblər.

"Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar, daha məqsədəuyğun olardı. Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili standartların növbəti təzahürü hesab edirik", - müraciətdə bildirilir.

Müraciəti YAP-ın sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXCP-nin sədr müavini Razi Nurullayev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat başqanının müavini Gülağa Aslanlı və BAXCP sədri Qüdrət Həsənquliyev imzalayıblar.

Müraciətə daha bir neçə partiyanın qoşulacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti