Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/
Bu gün Yaltada Livadiya sarayında MDB ölkələri Hökumət Başçıları Şurasının iclası öz işinə başlayıb. İclasın başlamasından əvvəl hökumət başçıları binanın qarşısında öz ölkələrinin dövlət bayraqlarının fonunda şəkil çəkdiriblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Gözlənildiyi kimi, iclas qurtardıqdan sonra genişləndirilmiş formatda söhbət keçiriləcək. Bundan sonra Avro-Asiya İttifaqına daxil olan ölkələr əməkdaşlıq haqqında bəzi sənədlər imzalayacaqlar.
İclasda MDB məkanında azad ticarət zonalarının (ATZ) genişləndirilməsi, innovasiya əməkdaşlığının dərinləşdirilməsi və Birliyin informasiya kanalının yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Əsas inteqrasiya mövzuları arasında MDB-də ATZ haqqında müqavilənin ratifikasiyasının sürətləndirilməsidir. Yaltada hökumət başçılarının iclasında baxılmaq üçün infofrmasiya cəmiyyətinin qurulması və inkişafı üzrə MDB ölkələrinin əməkdaşlıq strategiyasının layihəsi və 2015-ci ilədək strategiyanın reallaşdırılması üzrə Fəaliyyət Planı gündəliyə çıxarılacaq. Bundan başqa, hökumət başçıları "Mir" dövlətlərarası teleradio şirkətinin bazasında "МИР 24" telekanalının yaradılması konsepsiyası müzakirə olunacaq. "Мир" və "Мир+3" mövcud telekanallarına əlavə olaraq Birliyin bütün ölkələrində gecə-gündüz informasiya kanalı geniş auditoriya ilə işə başlayacaq.
Azərbaycanı iclasda Baş nazirin müavini Eyyub Yaqubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Bu barədə Trend-ə hökumətdən məlumat verilib.