...

MSK Gülər Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib

Siyasət Materials 3 Oktyabr 2012 16:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə günü keçirilən iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxıb.
MSK Gülər Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə günü keçirilən iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxıb. İclasa komissiya sədri Məzahir Pənahov sədrlik edir.

Trend-in məlumatına görə, iclasda MSK Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

MSK katibi Arifə Muxtarova iclasda bildirib ki, deputat Gülər Əhmədova Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən özü mandatından imtina edib.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün MSK-ya göndərilib.

Xəbər lenti

Xəbər lenti