...

İraq Türkiyə ordusunun hərbi əməliyyatlarının qarşısını almaq üçün ölkənin şimalında qoşun yerləşdirmək niyyətindədir

Siyasət Materials 17 Oktyabr 2012 13:56 (UTC +04:00)
İraq Türkiyə ordusunun ölkə ərazisinə girməsinin, həmçinin İraqdakı Kürd Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı hava hücumlarının qarşısını almaq məqsədi ilə Türkiyə ilə sərhədə qoşun yerləşdirmək üçün Kürd Muxtariyyətinin icazəsini tələb edir.
İraq Türkiyə ordusunun hərbi əməliyyatlarının qarşısını almaq üçün ölkənin şimalında qoşun yerləşdirmək niyyətindədir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İraq Türkiyə ordusunun ölkə ərazisinə girməsinin, həmçinin İraqdakı Kürd Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı hava hücumlarının qarşısını almaq məqsədi ilə Türkiyə ilə sərhədə qoşun yerləşdirmək üçün Kürd Muxtariyyətinin icazəsini tələb edir. Bu barədə şərşənbə günü Trend-ə İraq parlamentinin Təhlükəsizlik komitəsinin sədri İsgəndər Vitvat bildirib.

"Biz Türkiyə ordusunun İraq ərazisinə keçməsinin qarşısını almaq məqsədilə Kürd Muxtariyyətindən mərkəzi hökumətə Türkiyə ilə sərhədə qoşunların yerləşdirilməsi üçün bütün hüquqların verilməsini tələb edirik", - Vitvat qeyd edib.

O deyib ki, Kürd Muxtariyyəti və Bağdad arasında münasibətlərin pis olması mərkəzi hökumətə İraqın şimalında Türkiyə ordusunun hərbi əməliyyatlarının qarşısını almaqda daha ciddi addımlar atmağa mane olur.

Onun sözlərinə görə, İraq Türkiyə hərbi kontingentinin ölkə ərazisində iştirakı haqqında iki ölkə arasında daha əvvəl imzalanan sazişin ləğv edilməsi məsələsini nəzərdən keçirir. Vitvat vurğulayıb ki, bu saziş düzgün deyil, çünki İraq dövlətinin suverenliyinə təhlükə törədir.

O əlavə edib ki, İraq parlamentinin bir çox deputatı Türkiyə qoşunlarına İraqın şimalında hava hücumları keçirməyə imkan verən iki ölkə arasındaki sazişin ləğvini dəstəkləyir.

"Son vaxtlar Türkiyə bütün regional ölkələrin işinə müdaxil etmək siyasətini həyata keçirməyə başlayıb. Bu əsaslanmamış müdaxilə iki ölkə münasibətlərinə xeyli təsir edib və əlaqələrin gələcək inkişafını təhlükə altında qoyub", - komitə sədri qeyd edib.

Vitvat bildirib ki, rəsmi Bağdad Ərdoğan hökumətinə İraqın daxili siyasətinə müdaxilə etməkdən çəkinməklə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin buna baxmayaraq, Ankara müdaxiləni davam etdirməklə ölkənin daxili siyasətində çaxnaşma yaratmağa çalışır.

"Türkiyə İraqda vəziyyəti qarışdırmaq üçün ölkənin bəzi siyasi qüvvələri ilə əməkdaşlıq edir. Ankaranın yekun məqsədi İraqın parçalanması və məhv edilməsidir", - Vitvat vurğulayıb.

O bildirib ki, Türkiyə və İraq öz münasibətlərini yenidən nəzərdən keçirməlidirlər.

Onun sözlərinə görə, İraq bu münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. "Bir şərtlə ki, Ankara ölkənin işlərinə müdaxilə etmək siyasətindən əl çəksin", - Vitvat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti