...

Elmar Məmmədyarov Almaniyanın dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə iştirak edib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2012 18:05 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində bu ölkənin dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə iştirak edib.
Elmar Məmmədyarov Almaniyanın dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində bu ölkənin dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə iştirak edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrih Genşer Elmar Məmmədyarovun səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.

Hans-Ditrih Genşer Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasından keçən 20 il ərzində iki ölkə arasındakı münasibətlərin intensiv şəkildə inkişaf etdiyini vurğulayıb. O, bu münasibətlərin yalnız iqtisadiyyat deyil, digər sahələri də əhatə etdiyini diqqətə çatdırıb.

Genşer öz çıxışında Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Almaniyalı diplomat ölkəmizi Qafqaz regionunda sabitliyi təmin edən ölkə kimi xarakterizə etmiş və regional enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Hans-Ditrih Genşer, eyni zamanda, Azərbaycan və Almaniya, həmçinin Avropa İttifaqı arasında münasibətlərin daha da genişləndirilməsinin, bu münasibətlərin məhz strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının vacibliyini nəzərə çatdırıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışında ölkəmizin makro-iqtisadi göstəriciləri, eləcə də həyata keçirilən sosial-iqtisadi siyasət barədə geniş məlumat verib və respublikamızın əldə etdiyi uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb və bu istiqamətdə hökumətimiz tərəfindən atılan addımlar və qarşılıqlı həyata keçirilən layihələr barədə məlumat verib.

Əsas diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldən Elmar Məmmədyarov, Qafqaz regionun Avropa və Avro-Atlantik məkana inteqrasiyasına əsas maneə kimi Ermənistanın təcavüzkar siyasətini göstərib. Bu münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu xüsusi qeyd edən Elmar Məmmədyarov, Avropa İttifaqını beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirməyə çağırıb.

Nazir, həmçinin, enerji sahəsində tərəflər arasında mövcud olan əməkdaşlıqdan söz açıb, eləcə də Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində görülmüş işlər barədə məlumat verib.

Azərbaycanın NATO ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən Elmar Məmmədyarov ölkəmizin sülhyaratma əməliyyatlara böyük töhfələr verdiyini qeyd edib, həmçinin respublikamızın beynəlxalq və regional miqyaslarda humanitar fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Almaniya Federativ Respublikasına iki günlük rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov, həmçinin, "Süddeutsche Zeitung" qəzetinə müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti