...

Prezident İlham Əliyev: Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını bütün sahələrdə dostluq münasibətləri birləşdirir

Siyasət Materials 7 Noyabr 2012 17:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev: Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını bütün sahələrdə dostluq münasibətləri birləşdirir

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.

"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qələbəniz dost Amerika xalqının Sizə inam və etimadının, həyata keçirdiyiniz daxili və xarici siyasət xəttinə dəstəyinin real ifadəsidir", - İlham Əliyev təbrik məktubunda qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir.

"Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsi işində birgə iştirakımız dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. İnanıram ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək, ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcəklər.

Azərbaycan, həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir. Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram", - İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti