...

Prezident İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 13 Noyabr 2012 18:35 (UTC +04:00)
Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılmış şəraitlə tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.

Dövlətimizin başçısı Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində tikilib. Ümumi sahəsi 7 min 672 kvadratmetr olan dördmərtəbəli binanın inşasına 2010-cu ilin martında başlanılıb. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən iki qurum - rayon məhkəməsi və icra şöbəsi yerləşir.

Diqqətə çatdırıldı ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq, Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də şərait yaradılıb. Girişdə əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb, gözdən əlil vətəndaşların isə sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var.

Binadakı məhkəmə zallarından biri ilə tanışlıq zamanı məlumat verildi ki, burada əsasən cinayət, zəruri hallarda digər işlərə də baxılır. Zalın qarşısında məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılıb. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılıb, habelə müasir tipli İP təhlükəsizlik kameraları istifadəyə verilib. Təqsirləndirilən şəxslər zalda dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb və avadanlıq quraşdırılıb.

Bildirildi ki, təqsirləndirilən şəxslər üçün binanın alt qatında hər cür şərait yaradılıb. Təqsirləndirilən şəxslər məhkəmə prosesinə ayrıca xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunmuş liftlə gətirilir. Mühafizə otağı, arxiv, dəftərxana xidməti və icra şöbəsinin işi də müasir tələblər səviyyəsində qurulub. Məlumat verildi ki, binanın ərazisində transformator yarımstansiyası, qazanxana, yeraltı yanğın və içməli su anbarları, nasosxana, avtomobillər üçün dayanacaq var. Yeni bina mərkəzləşdirilmiş havalandırma, işıqlandırma, yanğınsöndürmə ilə təchiz edilib.

Qeyd edildi ki, binada təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli 60 İP təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılıb.

Bildirildi ki, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat köşkü, iki tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor var ki, bu da vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan yaradır. Bundan başqa, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün şərait yaradılıb, məhkəmə zallarına qalxmaq məqsədilə müasir lift və eskalatorlar quraşdırılıb.

Prezident İlham Əliyev binanın ikinci mərtəbəsində mülki məhkəmə zalı ilə də tanış oldu. Məlumat verildi ki, inzibati zonada hakimlər və məhkəmə aparatı işçiləri üçün əlverişli şərait yaradılıb.

Dördüncü mərtəbədə yerləşən konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə tətbiq edilən "Bloostar" adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.

Sonra Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində respublikamızın üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradıldı və həmin məhkəmələrin hakimləri ilə canlı danışıqlar aparıldı.

Dövlətimizin başçısı Yasamal Rayon Məhkəməsinin yeni binasında yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti