...

Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycan ilə bağlı müzakirələr keçirilib

Siyasət Materials 19 Noyabr 2012 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Böyük Britaniyanın Lordlar Palatasında "Azərbaycan və Cənubi Qafqaz" mövzusunda müzakirələr keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, müzakirələrdə çıxış edən Lord Şeyx Məhəmməd İltaf bu ilin yayında Azərbaycana etdiyi səfərlə bağlı həmkarlarını məlumatlandırıb, Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdiyi görüşlərdən danışıb, ölkəmiz haqqında təəssüratlarını lordlarla bölüşüb.

Azərbaycanın dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malik olduğunu vurğulayan Lord Şeyx ölkəmizdə həyata keçirilən sosial və mədəni islahatların miqyasından təsirləndiyini bildirib: "Azərbaycan dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə sahibdir və Azərbaycan maliyyə, telekommunikasiya və infrastruktur sahələri daxil olmaqla, bir çox sahələrdə inkişaf etməyi nəzərdə tutub. Son zamanlar digər Avropa dövlətləri texnologiya və tikinti sahəsində çox sayda yüksək səviyyəli müqavilələr bağlayıblar. Biz, digər dövlətlər bizi qabaqlamadan öncə, ticarəti inkişaf etdirmək məqsədilə Azərbaycanla hazırkı əlaqələrimizdən istifadə etməliyik".

Lord Şeyx Azərbaycan və Böyük Britaniya arasında münasibətlərə toxunaraq, BP ilə ARDNŞ arasında mövcud olan uzunmüddətli, səmərəli əməkdaşlığı xüsusi qeyd edib. O, ARDNŞ tərəfindən reallaşdırılan sosial layihələri alqışlayıb, ətraf mühitin qorunması üzrə uzunmüddətli strategiyanın həyata keçirilməsində şirkətin rolunu yüksək qiymətləndirib. Lordlar Palatasının üzvü ətraf mühitin çirklənməsinin qarşısının alınmasında və tullantıların idarə edilməsində ARDNŞ-nin üzərinə götürdüyü öhdəliklərin vaciblyini diqqətə çatdırıb, davamlı inkişafla bağlı məsələlərin həllində şirkətimizi neft-qaz əməliyyatları ilə məşğul olan digər qurumlara nümunə göstərib. Şeyx şirkət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında çirklənmiş torpaqların təmizlənməsi, ekoloji parkrların salınması və gənc nəslin təhsilinə yönəldilmiş proqramları xüsusi vurğulayıb.

Azərbaycanın 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi yüksək etimadın göstəricisi kimi səciyyələndirən Lord Şeyx Dağlıq Qarabağ probleminə də toxunub: "Bu problem Azərbaycanın ən vacib siyasi məsələsi olaraq qalmaqda davam edir və regionda qeyri-stabilliyin mənbəyi hesab edilir. Bu çox vacibdir ki, biz sülh prosesində ATƏT-in Minsk qrupuna tam dəstək göstərir və hər iki tərəfin problemi danışıqlar masası arxasında həll etməsində fəal iştirak edirik".

Lord Şeyx Məhəmməd İltaf çıxışının sonunda Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, Azərbaycanın beynəlxalq iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini qeyd edib və Britaniya hökumətini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti