...

Prezident İlham Əliyev: QDİƏT ölkələrinin birgə səyləri ilə həyata keçirilən layihələr bölgəmizin dinamik inkişafı üçün əlverişli imkanlar yaradıb

Siyasət Materials 26 Noyabr 2012 19:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 40-cı plenar sessiyasının iştirakçılarına müraciət edib.
Prezident İlham Əliyev: QDİƏT ölkələrinin birgə səyləri ilə həyata keçirilən layihələr bölgəmizin dinamik inkişafı üçün əlverişli imkanlar yaradıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 40-cı plenar sessiyasının iştirakçılarına müraciət edib.

"Müasir dövrdə regional təşkilatlar dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, sülhün və təhlükəsizliyin qorunması, sabitliyin təmin olunması proseslərində getdikcə daha mühüm rol oynayırlar. İyirmi il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı keçən müddətdə bölgəmizdə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müxtəlif təşəbbüslər irəli sürmüş və onların həyata keçirilməsi üçün ciddi səylər göstərmişdir. QDİƏT və onun Parlament Məclisi ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil etmiş və bu gün də etməkdədir. Biz bu qurumun region ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsinə, ümumi problemlərimizin həllinin tapılmasına verdiyi töhfələri daim yüksək qiymətləndirmişik", - Prezidentin müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, QDİƏT üzvü olan dövlətlərin birgə səyləri ilə həyata keçirilmiş və icra edilməkdə olan transmilli layihələr bölgəmizin dinamik inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Lakin regionumuzda bununla yanaşı həm də həlli gecikdirilən bir sıra problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu yerli ölkələrin tərəqqisi yolunda böyük maneə olaraq qalır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınması nəinki təkcə bizim, həm də digər qonşu ölkələrin və bütövlükdə regionun inkişafını ləngidir, sülh və tərəqqi üçün ciddi təhlükə törədir. Şübhə yoxdur ki, əksər münaqişələrin hamılıqla tanınmış beynəlxalq hüquq prinsip və normaları əsasında ədalətli həlli dövlətlərarası əməkdaşlığın inkişafı üçün də tamamilə yeni perspektivlər aça bilər.

"On iki dövlətin parlamentlərini birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatın yüksək səviyyəli forumunun yenidən Bakı şəhərində keçirilməsi bizim üçün əlamətdar hadisədir. Ümidvaram ki, bu sessiyada qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə təkan verəcək və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir. Sizi bir daha Azərbaycan Respublikasında səmimi qəlbdən salamlayır, mötəbər toplantınızın işinə uğurlar arzulayıram", - İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti