...

TürkPA: Qazaxıstan və Qırğızıstan Qara dəniz regionunda yeni əməkdaşlıq imkanları əldə edəcəklər

Siyasət Materials 29 Noyabr 2012 17:33 (UTC +04:00)
Qara dəniz regionundan kənarda olan Qazaxıstan və Qırğızıstan artıq həmin bölgədə yerləşən ölkələrlə yeni əməkdaşlıq imkanları əldə edəcəklər. Bu barədə cümə axşamı Trend-ə TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.
TürkPA: Qazaxıstan və Qırğızıstan Qara dəniz regionunda yeni əməkdaşlıq imkanları əldə edəcəklər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Qara dəniz regionundan kənarda olan Qazaxıstan və Qırğızıstan artıq həmin bölgədə yerləşən ölkələrlə yeni əməkdaşlıq imkanları əldə edəcəklər. Bu barədə cümə axşamı Trend-ə TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.

Onun sözlərinə görə, bu imkanlar TürkPA-nın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində müşahidəçi statusu alması ilə ortaya çıxır.

Həsənov qeyd edib ki, TürkPA-nın QDİƏT PM-də müşahidəçi statusu alması rəhbərlik etdiyi qurumun tək üzv ölkələrdə deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edən parlament birliklərində də fəaliyyətini genişləndirəcək.

Xatırladaq ki, TürkPA QDİƏT Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 40-cı iclasında qurumda müşahidəçi statusu alıb.

TürkPA-nın baş katibi deyib ki, beynəlxalq münasibətlər sistemində parlament diplomatiyası əhəmiyyətli rol oynamağa başlayır: "Son 20 ilin təcrübəsi göstərir ki, münaqişələrin həlli, siyasi və iqtisadi sahələrdə dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrdən geniş istifadə olunur. Regional parlament birlikləri olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Türkdilli Ölkələrin Parlament Assambleyasının əməkdaşlığı, birgə kommünikelərinin qəbulu regionda tərəqqiyə şərait yaradacaq".

Həsənov bildirib ki, Türkmənistan və Özbəkistanın da TürkPA-ya qoşulması həmin ölkələrin parlamentləri üçün yeni perspektivlər aça bilər.

"Regional inkişafdan geri qalmaq, təcrid olunmaq ölkəsinin rifahını, beynəlxalq əlaqələrinin möhkəmlənməsini istəyən dövlət üçün sərf edən siyasi proses deyil. Azərbaycanın yüksək səviyyədə ikitərəfli əməkdaşlığı olan qardaş Özbəkistan da, Türkmənistan da TürkPA-ya üzv olmaqla çoxtərəfli əməkdaşlıq prosesində iştirak edə bilərlər", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti