...

Avropa İttifaqı assosiativ saziş ilə bağlı plenar görüşün növbəti raundunun keçirilməsini vacib sayır

Siyasət Materials 3 Dekabr 2012 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ saziş ilə bağlı plenar görüşün növbəti raundunun gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. Onun sözlərinə görə, növbəti raundun keçirilməsi 2013-cü ilin yanvar-fevral aylarına planlaşdırılır.

"Bu, çox vacib məsələdir. Bakı ilə Brussel arasında indiyə qədər bir çox videokonfranslar olub, lakin biz bu konfranslar zamanı əldə olunmuş tərəqqini daha da irəli aparmaq üçün siyasi səviyyədə plenar görüş təşkil etmək istəyirik", - Kobia deyib.

Diplomatın sözlərinə görə, ötən həftə XİN rəhbərinin müavini Mahmud Məmmədquliyevlə Aİ nümayəndəsi Con Kyaer arasında görüş keçirilib və onlar plenar danışıqlara yenidən başlamağı və sürəti artırmağı razılaşdırıblar.

"Çünki bəzi ölkələr bu istiqamətdə Azərbaycandan daha sürətlə addımlar atır. Mən görürəm ki, Azərbaycan bu danışıqların əhəmiyyətini başa düşür və sözügedən istiqamətdə tempi artırmağa çalışır", - Kobia deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti