Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Brüssel şəhərində keçirilən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə 2014-cü ildən sonra Əfqanıstanda ISAF əməliyyatının əvəzinə yeni NATO missiyası yaradılacağı haqqında qərar qəbul olunub.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni missiyanın əsas vəzifələri təlim, məsləhət və yardımdan ibarət olacaq.
NATO-nun etibarlı və sadiq tərəfdaşı olaraq, habelə ISAF əməliyyatına verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq, NATO tərəfindən Azərbaycan bu missiyada potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib. Bundan sonra, Azərbaycan yeni missiyanın planlama prosesində iştirak edəcək.
Hazırkı mərhələdə Azərbaycandan başqa, yalnız 7 tərəfdaş dövlət - Avstraliya, Gürcüstan, Yeni Zelandiya, Ukrayna, Finlandiya, İsveç və Monteneqro potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.
Qeyd edək ki, xarici işlər nazirlərinin görüşündə Elmar Məmmədyarov da iştirak edir.