...

Mübariz Qurbanlı: "Freedom House"un hesabatında islamofobiya və təhdid özünü açıq şəkildə göstərir

Siyasət Materials 17 Yanvar 2013 16:48 (UTC +04:00)
"Freedom House" adlanan qurum hər dəfə hesabatlarında Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe nümayiş etdirir. "Freedom House" təşkilatının illik "Dünyada Azadlıq" hesabatını diqqətlə təhlil edən hər bir şəxs bu qərəzi aydın şəkildə görə bilər.
Mübariz Qurbanlı: "Freedom House"un hesabatında islamofobiya və təhdid özünü açıq şəkildə göstərir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət/

"Freedom House" adlanan qurum hər dəfə hesabatlarında Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe nümayiş etdirir. "Freedom House" təşkilatının "Dünyada Azadlıq" adlı illik hesabatını diqqətlə təhlil edən hər bir şəxs bu qərəzi aydın şəkildə görə bilər. Bunu cümə axşamı Trend-ə millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

"Freedom House" təşkilatı işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma Dağlıq Qarabağ rejimini hesabatında qismən azad ərazilər siyahısına daxil edib. Bu, ən böyük qəbahətdir, beynəlxalq hüququn norma və prinsiplərinə, qəbul edilmiş beynəlxalq qaydalara ziddir. "Freedom House" bununla qondarma, işğalçı, birbaşa Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan rejimi qismən azad ərazi kimi göstərmək istəyir. Bu, çox gülüncdür və qırmızı xətti keçən bir hərəkətdir", - Qurbanlı deyib.

YAP rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ deyilən və işğal altında olan bu ərazidə faktiki olaraq quldur bir rejim var.

"Bu rejim Dağlıq Qarabağdakı erməni əhalisini də təhdid altında saxlayır. Burada insan haqlarından və azadlıqlarından danışmaq olmaz. Bu ərazi faktiki olaraq Ermənistanın işğalçı rejiminin və onu himayə edən dairələrin bir poliqonudur, narkotik istehsal edən, quldurluqla məşğul olan, kriminallaşmış bir ərazidir. Buradakı hərbi qüvvələr birbaşa Yerevana tabedir. Burada yaradılmış oyuncaq rejimin başında duranların da hamısı demək olar ki, hərbi cinayətkarlar, vaxtilə azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş şəxslərdir", - Qurbanlı əlavə edib.

Millət vəkili hesab edir ki, təşkilatlar üzrə azadlıqlar indeksini müəyyənləşdirsək, bu təşkilatın özü mənfilər sırasında dayanacaq.

"Heç bir halda bu təşkilat obyektiv hesabat vermir. Bu təşkilat o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi də qismən azad ölkələr sırasına daxil edib. Ermənistanın isə hansı şəraitdə olduğu hamıya bəllidir. Ona görə də hər bir azərbaycanlı "Freedom House" kimi təşkilatlara qarşı mövqe bildirməli, onun qərəzini ifşa etməlidir. Onlar, xüsusən, xarici KİV-lərdə ifşa olunmalıdır", - Qurbanlı deyib.

Onun fikrincə, Azərbaycanı Ermənistandan aşağı səviyyədə göstərmək heç bir müqayisəyə sığmır. Ermənistanda ümumiyyətlə dövlətin olduğunun özünü qəbul etmək hətta anormaldır. Ermənistan tam kriminallaşmış bir rejimdir və əhali bu ölkədən qaçıb gedir.

"Həmin hesabatda islamofobiya, eyni zamanda, xristian həmrəyliyi, Azərbaycana və inkişaf edən İslam ölkələrinə qarşı təzyiq və təhdid özünü açıq şəkildə göstərir. Ona görə də "Freedom House" kimi təşkilatların özünü azad təşkilat hesab etmirik və bu cür informasiyaları qətiyyətlə pisləyir və bunları Azərbaycana qarşı "qara piar" kampaniyasının tərkib hissəsi hesab edirik", - Qurbanlı qeyd edib.

YAP rəsmisi onu da əlavə edib ki, Azərbaycan belə hesabatlardan narahat deyil və onlar nə Azərbaycanın inkişafını ləngidəcək, nə də buna hansısa maneələr törədəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti