...

Azərbaycanın millət vəkilləri Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" əsərini "daşa tutdular" (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Fevral 2013 12:48 (UTC +04:00)
Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında yazıçısı Əkrəm Əylisinin qalmaqallı "Daş yuxular" əsərinə etirazlar səsləndirilib.
Azərbaycanın millət vəkilləri Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" əsərini "daşa tutdular" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında yazıçısı Əkrəm Əylisinin qalmaqallı "Daş yuxular" əsərinə etirazlar səsləndirilib.

Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Əkrəm Əylislinin bu əsəri erməni ideologiyasına xidmət edir.

Əylisinin Azərbaycan xalqının heysiyyətinə toxunduğunu deyən Əhmədov bildirib ki, onun nə xalq yazıçısı adını, nə də "İstiqilal" ordenini daşımağa haqqı var.

"O, açıq-aşkar erməni işğalına və erməni separatizminə haqq qazandırır. Əylisli bu ziyanlı əsəri ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı əsassız iddialarına zəmin yaradır", - Əhmədov deyib.

YAP-ın sədr müavini qeyd edib ki, bu kitab Azərbaycanda heç bir zaman nəşr olunmayacaq.

Deputat Musa Quliyev isə deyib ki, Əkrəm Əylisinin romanı Azərbaycanın milli mədəni dəyərlərini aşağılayan əsərdir.

"Bu, ermənilərin işğal siyasətinə faktiki olaraq bəraət qazandırmaqdır. Əylisli faktiki olaraq Naxçıvan və Qarabağı "erməni torpağı" kimi təqdim edir. O, ermənilərin saxtakarlığını həqiqət kimi təqdim etməyə çalışır", - Quliyev bildirib.

Deputat Zahid Oruc da çıxış edərək deyib ki, əsər faşizmi təbliğ edir, ermənilərin qəsbkarlğına haqq qazandırır.

"Özümüzdən olan qəlpələr başqalarının qəlpələrindən daha təsirli olacaq. Ona görə yazıçının bu əsəri fəlakət törədəcək. Biz çağırış etmirik ki, Əylislini çarmıxa çəkmək lazımdır. Amma ölüm mələyi bir gün onun çiyinə qonanda onun tabutu bu millətin çiynində ola bilməyəcək", - Oruc əlavə edib.

Deputat Qənirə Paşayeva bildirib ki, bu, Azərbaycanın xarici siyasətində haqlı mövqeyinin yürüdülməsinə ciddi maneə olacaq. "Bu roman ermənilərə özlərinə bəraət qazandırmaq üçün bir mənbə olacaq", - Paşayeva bildirib.

Onun sözlərinə görə, ermənilər gələcəkdə Əkrəm Əylisinin kitabını əllərində tutub bizə sübut kimi göstərəcəklər.

"Üstəlik bir romanın içində öz xalqını təhqir etmək heç vaxt qəbul edilməz", - deputat qeyd edib.

Paşayeva Əkrəm Əylisinin əsəri ilə bağlı böyük təəssüf hissi keçirdiyini bildirərək digər həmkarlarının bu barədə dediklərini dəstəkləyib.

Deputat Əhməd Vəliyev isə Əkrəm Əylisinin azərbaycanlı olub-olmamasını, genetik kodunun və psixoloji durumunun araşdırılmasını təklif edib.

"Çünki inanmıram ki, kökü saf olan adam belə işlər görsün. Tək Əylisli yox, bütün antiazərbaycan təbliğatı aparanların bu durumunu yoxlamaq üçün ya qanun qəbul olunsun, ya da bir proqram tətbiq edilsin", - Vəliyev bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, Əkrəm Əyləsli nə etdiyini bilən adamdı və etdikləri də dəqiq nankorluqdur.

"Əsərin ideyası məlumdur: Azərbaycan xalqını aşağılamaq. O, bu əsəri yazdığı vaxt deputat idi və düzgün o olardı ki, o vaxt əsəri ortaya çıxarardı. Düşünürəm ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Qoy getsin, İrəvanda kilsədə nökər işləsin", - Cəfərov bildirib.

Vitse-spiker Bahar Muradova bildirib ki, Əkrəm Əylislinin əsəri böyük xəyanətdir.

"Burada təkcə Ermənsitandan gəlmiş azərbaycanlılar və qarabağlılar səslərini qaldırmamalıdırlar, bütün xalq səsini qaldırmalıdır. Əsərdə xalqın bütün üzvlərinə ad qoyulur. Bu, təhqirdir, açıq təhqir. O, illər boyu Azərbaycan xalqı ilə oyun oynayıb. Özünü daim Azərbaycan xalqından üstün tutub. Mənə daim maraqlı olub ki, o həmişə niyə xalqımızı qınaq obyektinə çevirib?", - Muradova deyib.

Vitse-spiker Əkrəm Əylisliyə müraciət də ünvanlayıb.

"Əkrəm Əylisli, mən səni əmin edirəm ki, istər Qarabağda, istərsə də Ermənsitanda həlak olan azərbaycanlıların ruhu heç vaxt səni rahat buraxmayacaq. Sən bizə açıq şəkildə denən görək ki, kimsən sən?! Denən ki, biz də birdəfəlik işimizi bilək!", - Muradova qeyd edib.

Vitse-spiker Əkrəm Əylislinin titullarından danışıb.

"Əgər o adlar ona rahatlıq verirsə, qoy daşısın, əgər rahatlıq vermirsə, getsin erməni qohumlarının yanına", - Muradova deyib.

Spiker Oqtay Əsədov isə Əkrəm Əylislinin hərəkətindən xəcalət çəkdiyini deyib.

"Mən onun bütün müsahibələrinə qulaq asdım və ancaq xəcalət çəkdim. O, Azərbaycan tərəfindən titullar alıb, amma sən demə məqsədi başqa olub. Neçə il əvvəl yazdığı əsəri builki seçki ilində ortaya çıxarması da onun məqsədinin çirkin olmasından xəbər verir", - Əsədov bildirib.

Spiker Əylislini müdafiə edənləri də tənqid edib: "Onu müdafiə edən adamlar özləri də Əkrəm Əylisli qədər şübhəli adamlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti