Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Parlamentinin deputatı Aydın Mirzəzadə azərbaycanlı gənclərin döyülməsi zamanı hadisə yerində olan Fransa Milli Assambleyasının deputatı Fransua Roşeblouna açıq məktub yazıb. Bu barədə Trend-ə deputatın özü məlumat verib.
"Sizinlə mən Avropa Şurası Parlament Assambleyasında birgə fəaliyyətdən tanışam. Hərəmiz öz ölkəmizin təmsilçisi kimi həm ölkələrimizin, həm də Ümümavropa məsələlərinin müzakirələrində dəfələrlə çıxışlar etmişik. Siz yadımda daha çox Ermənistanın maraqlarının ciddi müdafiəçisi kimi qalıbsınız. Ona görə də Sizin 26 fevral tarixində Parisdə, Fransa Milli Assambleyasının binasında Erməni Məsələləri üzrə Fransa Bürosu tərəfindən təşkil olunan tədbirdə iştirakınıza təəccüblənmədim. Mümkündür ki, hətta orada Azərbaycanda olmadığınız halda ölkəmizlə bağlı geniş çıxış da etmisiniz", deyə Mirzəzadə məktubunda bildirib.
Mirzəzadə məktubda ancaq fransalı deputatın həmin tədbirdə iki azərbaycanlı gəncin erməni əsilli iştirakçılar tərəfindən vəhşicəsinə döyməsinə sakitcə seyr etdiyinə təəccübləndiyini qeyd edib.
"Fransada təhsil alan azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynov tədbir zamanı "demokratikcəsinə" döyülmüş, onların kömək çağırışlarına isə heç kim məhəl qoymamışdır. Buna səbəb isə onların tədbir iştirakçılarından 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsini istəmələri olub.
Tədbirdə olan 150-yə qədər erməni əslli iştirakçı sizin gözünüz qarşısında qadının və gəncin üzərinə düşüb onları vəhşicəsinə döyməyə başlayıblar. Onlar ciddi zədələr almış, həkim köməyinə və ciddi müalicəyə ehtiyac yaranmışdır. Siz kütlənin iki gənci döyməsi mənzərəsini görməsəniz də səsləri eşitməli və reaksiya verməli idiniz. Sual edirəm, hörmətli fransalı həmkarım, niyə susdunuz, niyə erməni dostlarınızı insanlığa yaraşmayan hərəkətlərdən çəkindirmədiniz? Qadına əl qaldırmaq, onu hamılıqla döymək nə zamandan sivillilik norması sayılır? Siz baş verən hadisə ilə bağlı təəssüf hissi keçirdiyini bildirirsiniz. Ancaq olmazdımı ki, orada məsələyə müdaxilə edib, vəhşiliyi dayandırmağı, insan hüquqlarına hörmət edilməsini tələb edəydiniz?", Mirzəzadə məktubunda deyib.
Azərbaycanlı deputat məktubda daha sonra qeyd edib:
"Siz həmin iki nəfərin bu tədbirdə iştirak etməsinə təəccübləndiyinizi bildirirsiniz. Anlamıram, Fransa parlament binasında ictimai təşkilatın keçirdiyi tədbirin niyə qapalı olunmasına çalışılır. Orada onların cəmiyyətin bilməsi məsləhət bilmədiyi hansı məsələlər müzakirə edilirmiş? 26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mühasirədə olan və silahsız Xocalı şəhərinə gecə zamanı hücüm edərək, 613 nəfəri öldürmüşlər, onlardan 63-i uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamam məhv edildi, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirdi. Həmin gecə erməni silahlı qüvvləri Xocalının 1275 nəfər dinc sakinini əsir götürdülər. 150 nəfər idə itkin düşdü. İki azərbaycanlı gəncin istəyi demokratik ölkədə demokratikcəsinə bu həqiqətlərin xatirəsinin anılması idi. Əvəzində isə 21 il öncəsi Xocalı faciəsi az qala yenidən təkrar olunacaqdı".
Mirzəzadə inanır ki, Fransanın parlament binasında baş verən hadisə və Xocalı faciəsi ilə əlaqədar yazdığı məlumat fransalı həmkarına erməni millətçiliyin əsl simasını aydın görməyə kömək edəcək.
"Və siz xalq tərəfindən seçilmiş səlahiyyətli şəxs kimi hadisə barəsində parlament iclasında çıxış edərək, təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb edəcəksiniz. Sizi tanıdığıma görə bu məktubu yazmağa qərar verdim", deyə Mirzəzadə bildirib.