...

Milli Məclis Azərbaycan ombudsmanının hesabatını qəbul edib (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 5 Mart 2013 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev /

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) Elmira Süleymanova çərşənbə axşamı Milli Məclisdə illik məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, Süleymanova çıxışında bildirib ki, ötən il Azərbaycanda 40 məhkum əfv olunub. O bildirib ki, ümumilikdə 2012-ci ilə qədər ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilib.

Süleymanova qeyd edib ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı ombudsmana 1833 müraciət daxil olub.

"Müraciətlərdə məhkəmə hökmlərindən narazılıq, bəzən əməkdaşlar tərəfindən təzyiqə məruz qalma, müayinə və müalicə ilə əlaqədar müraciətlərə baxılmaması, dərmanların verilməməsi, kameraların yayda həddən artıq isti olması, cəzadan azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməməsi öz əksini tapıb. Baxışlar göstərir ki, həbsdə saxlanılan şəxslərin və məhkumların qida, tibbi yardımla və dərman preparatları ilə təminatının yaxşılaşmasına ehtiyac var", - o deyib.

Süleymanov həmçinin qeyd edib ki, 2012-ci il ərzində prokurorluq orqanları ilə bağlı müvəkkilin ünvanına 695 müraciət daxil olub.

"Ombudsman tərəfindən aparılan təhlillər göstərib ki, prokurorluq orqanları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə cinayətkarlığa qarşı kəsərli mübarizə, sağlam iş mühitinin yaradılması, müasir tələblər səviyyəsində işləməyə qadir gənc kadrların bu orqanlara işə qəbul edilməsi, habelə işlərin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qurulması istiqamətində zəruri işlər görülüb", - o deyib.

Ombudsman hesabatında onu da qeyd edib ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən bəzi yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə zəif nəzarətin nəticəsidir ki, bir sıra halda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərarlar qəbul edilib.

Deputat Zahid Oruc hesabatın müzakirəsi zamanı bildirib ki, nadan məmurlar ona görə formalaşıb ki, parlamentdə onlara qarşı güzəştli mövqedə dayanılıb.

"Təəssüf ki, dəyişən məmurlar uzlaşmayan qərarlar qəbul edir, özündən əvvəlki məmurların qəbul etdiyi sənədləri tanımır", - o deyib. Oruc bildirib ki, hesabatda insan haqlarının durumuna qiymət verərkən, ilk növbədə, bu dövr ərzində mülkiyyət hüququ ilə bağlı dövlətin atdığı addımlarla yanaşı bu sahədə işin hələ də başa çatdırılmaması faktının da nəzərə alınması vacibdir. "Mülkiyyət hüququnun toxunulmazılığı qorunmalıdır", - o deyib. O, həmçinin ombudsmanın hərbi sistemə nəzarətinə də toxunub və bildirib ki, bu qurumda 17 nəfərin bütün orduya nəzarət etməsi qeyri-mümkündür. "Ombusdman Aparatı hərbi obudsman funksiyasını da yerinə yetirməlidir", - o deyib.

Deputat Qüdrət Həsənquliyev də çıxışında bir sıra təkliflər irəli sürüb. "Ombusdman ilə bağlı qanuna görə, insan hüquqlarını pozan və müvəkkilin tələbləri ilə razılaşmayan dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin adları çəkilir, onlarla bağlı görülmüş tədbirlər barədə hesabatda məlumat verilir. Amma indi verilmədi və təklif edirəm ki, növbəti hesabatda bu nəzərə alınsın", - o deyib.

Deputat Elmira Axundova isə bildirib ki, ombudsman institutu insan haqlarının qorunması istiqamətində 10 il ərzində böyük yol keçib. Qanunun tələblərini pozduğuna görə həbs olunan bir sıra şəxslərin bəziləri beynəlxalq QHT-lərin "siyasi məhbus" siyahısına daxil edilir. Axundova ombusmanın özünü "siyasi məhbus" adlandıran şəxslərlə bağlı real vəziyyəti beynəlxalq təşkilatlara çatdırmasının vacibliyini vurğulayıb.

O, həmçinin məişət zəminində baş verən hadisələrin son illər əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Yetkinlik yaşına çatmayan şəxslər də məişət zorakılığının qurbanı olurlar. Məişət zoraklılığı qurbanları üçün sığınacaqların tikilməsi işi sürətləndirilməlidir.

Deputat Siyavuş Novruzov hesabata münasibət bildirərkən deyib ki, insan hüquqları bütün sahələri əhatə edir. Beynəlxalq təsisatlarla əlaqələrin qurulmasında Ombudsman Aparatı xeyli fəallıq göstərir. O qeyd edib ki, bəzi hüquq-müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çevirib.

"Təəssüflər olsun ki, bəzi vəkillər də buna qurşanıb və ara düzəltməklə məşğuldur. Belə bir ağlır vaxtda ombudsmanın üzrəinə böyük iş düşür", - o deyib.

Ombudsman Elmira Süleymanova müzakirələrdən sonra çıxışında bildirib ki, ombudsman təsisatında elə bir yazılı və şifahi müraciət olmur ki, ona cavab verilməsin. Son illərdə saxlanılan və məhkum jurnalistlərin sayı azalıb.

Yuvenal ədliyyə ilə bağlı o bildirib ki, bu məsələ çoxdan müzakirə olunur və Azərbaycanda qanun qəbul olunmasa da yetkinlik yaşına çatmayanlar daha yumşaq şəkildə cəzalandırılır. Çıxışının sonunda Süleymanova hər kəsi Ombusman Aparatı ilə əməkdaşlığa çağırıb.

Milli Məclis ombudsmanın hesabatını qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti