Azərbaycan, Bakı, 15 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
Cümə namazı zamanı İranın Qəyyumluq Şurasının sədri Əhməd Cənnəti Prezident Mahmud Əhmədinejadı martın 5-də Venesuela Prezidenti Uqo Çavesin vəfatı ilə əlaqədar olaraq göndərdiyi başsağlığı teleqramına görə tənqid edib. Bu barədə Trend IRIB agentliyinə istinadən məlumat verir.
Teleqramda qeyd olunur ki, "Şübhəsiz ki, Çaves İsa Məsihlə birgə yerə qayıdacaq..."
Məhz bu fikir Cənnətinin tənqidinə səbəb olub.
"Qayıdış (Raj`) dövlət mükafatı deyil ki, onu kiməsə təqdim edəsən. Mən çox təəssüflənirəm ki, bəzi insanlar danışmazdan qabaq bu məsələni araşdırmırlar. Ümid edirəm ki, bu bir daha təkrarlanmayacaq", - o bildirib.
Cənnəti vurğulayıb ki, bu hadisə dini mərkəzlərdə, dindarlar və müsəlmanlar arasında böyük narahatlıqla qarşılanıb.
Digər siyasi və dini liderlər də Əhmədinejadın teleqramı ilə bağlı öz etirazlarını bildiriblər.