...

Bahar Muradova: İnternetdə yayılan böhtanlara görə Cinayət Məcəlləsində dəyişiklik xəbərdaredici müddəadır

Siyasət Materials 4 May 2013 10:32 (UTC +04:00)
İnternetdə yayılan böhtanlara görə Cinayət Məcəlləsində dəyişiklik xəbərdaredici müddəadır.
Bahar Muradova: İnternetdə yayılan böhtanlara görə Cinayət Məcəlləsində dəyişiklik xəbərdaredici müddəadır

Azərbaycan, Bakı, 4 may / Trend müxbir M.Əliyev/

İnternetdə yayılan böhtanlara görə Cinayət Məcəlləsində dəyişiklik xəbərdaredici müddəadır.

Bu barədə Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova KİV-lərdə və ya internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə münasibət bildirərkən deyib.

"Bu gün internet media yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlarda öz fikirlərini, böhtan atanlar isə öz böhtanlarını məhz internet şəbəkədə yaymağa üstünlük verirlər. Sanki bir məsuliyyətsizlik mühiti hökm sürür", - Muradova deyib.

Vitse-spiker qeyd edib ki, Azərbaycanda insanların şərəf və ləyaqətinin alçaldılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan maddə aradan götürülməyib, ancaq faktiki olaraq bununla bağlı bir neçə vaxtdır qərarlar çıxarılmır, çıxarılsa da onların yerinə yetirilməsinə bir növ maratoriya qoyulub.

Muradova hesab edir ki, Cinayət Məcəlləsinə təklif olunan bu cür qərarın sadəcə xəbərdaredici funksiyası olacaq.

"Mətbuatın gələcəkdə buna hazır olduğu halda diffamasiya haqqında qanunun qəbul olunmasının tərəfdarıyam. Lakin bu gün bu hazırlıq yoxdursa, cəzasızlıq mühiti hökm sürürsə və geniş şəbəkə ağır nəticələrə gətirib çıxaran hallar baş verirsə, ən azı bir xəbərdaredici müddəanın olmasının tərəfdarıyam. O maddənin mövcudluğu bunu aradan götürə bilər", - Muradova deyib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti