...

Rusiya Xəzərin mühafizəsi üzrə Tehran Konvensiyasına protokolu imzalayıb

Siyasət Materials 8 May 2013 16:14 (UTC +04:00)
Rusiya Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasına ikinci protokolu imzalayıb.
Rusiya Xəzərin mühafizəsi üzrə Tehran Konvensiyasına protokolu imzalayıb

Azərbaycan, Bakı, 8 may /Trend/

Rusiya Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasına ikinci protokolu imzalayıb. Protokol dənizin yerüstü mənbələrdən çirklənmədən mühafizəsini nəzərdə tutur. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Təbii Resurslar və Ekologiya Nazirliyi xəbər yayıb.

"Xəzər dənizinin yerüstü mənbələrdən və quruda aparılan fəliyyət nəticəsində çirklənmədən mühafizəsi üzrə Xəzərin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına protokol imzalanıb. Sənədi Rusiya adından təbii resurslar və ekologiya nazirinin müavini Nikolay Popov İrana işgüzar səfəri zamanı imzalayıb", - məlumatda deyilir.

Nazirlikdən bildiriblər ki, Rusiyanın Tehran Konvensiyasına imzaladığı ikinci protokol Xəzərin dəniz ətraf mühitinin çirklənməsinin qarşısını almaq işində, ekoloji tapşırıqların həllində və regional ekoloji təhlükəsizliyin təminatında həlledici rol oynamağa hesablanıb. Rusiya ötən ilin oktyabr ayında ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında birinci protokolu bəyənib.

"Biz Çərçivə Konvensiyasının fəaliyyətinin inkişafına və gələcək uğurlarına maraq göstəririk. Bu Konvensiya imzalandığı 2003-cü ildən etibarən təbiətin mühafizəsi sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsində müstəsna rol oynayır", - Popovq qeyd edib.

Qeyd edək ki, BMT-nin Ətraf mühitin mühafizəsi proqramının yardımı ilə hazırlanmış Tehran Konvensiyası 2003-cü il noyabrın 4-də beş Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) nümayəndələri tərəfindən imzalanıb. Konvensiya 2006-cı il avqustun 12-də qüvvəyə minib.

Konvensiya hələ də Xəzər regionunda yeganə çoxtərəfli müqavilə sənədi olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti