...

Qənirə Paşayeva: Moldova ombudsmanı cəsarətli və ədalətli çıxışına görə tək qalmamalıdır

Siyasət Materials 6 İyul 2013 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Dünyanın hər yerində yaşayan ədalətli insanlar Moldovanın parlament vəkili Aureliya Qriqoriunun Ermənistanda qarşılaşdığı təzyiq və təhdidləri pisləməlidir. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva açıqlamasında deyib.

O bildirib ki, moldovalı ombudsmanın Ermənistan parlamentindəki çıxışına görə ölümlə hədələnməsi, təhlükəsizliyinə təminat verilməməsi beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, insani dəyərlərə sığışmayan davranışlardır və Ermənistan siyasətinin iç üzünü bir daha ortaya çıxarır:

"Dünyanın hər yerində yaşayan ədalətli insanlar Moldova ombudsmanı Aureliya Qriqoriuya ədalətli və cəsarətli çıxışına görə təşəkkürünü göndərməli və tək olmadığını hiss etdirmək üçün ona sosial şəbəkələrdə böyük dəstək göstərməklə bərabər, BMT, beynəlxalq təşkilatlar, beynəlxalq insan haqları təşkilatlarına ona qarşı Ermənistan tərəfindən təzyiq və təhdidləri kəskin pisləməyə çağırmalı və onun təhlükəsizliyinin təmin olunması istiqamətində səslərini ucaltmağa səsləməlidir. Ermənistan dövləti ilə bərabər, ermənilər və onlara yaxın güclər sosial şəbəkələrdə ona qarşı ciddi kampaniyaya başlayıblar. Bütün ədalət tərəfdarı olan insanlar buna seyrçi qalmamalı, həmin səhifələrdə öz etirazlarını bildirməklə bərabər, ona dəstək kampaniyasında olmağı özlərinə borc bilməlidirlər".

Millət vəkili qeyd edib ki, Moldova ombudsmanı Aureliya Qriqoriu bu cəsarətli və ədalətli çıxışı ilə tək qalmadığını, əslində onminlərlə insanın onu bu ədalətli, gerçək bir ombudsmana yaraşan addımlarına görə təbrik və təşəkkür etdiyini görməlidir. Çünki Ermənistanda beynəlxalq bir tədbirdə Ermənistanın işğalçılıq siyasətindən və onların Xocalıda törətdiyi soyqırımdan danışmaq böyük bir cəsarət istəyir. İndi onun həyatı ailəsinin informasiya mənbələrinə verdiyi məlumata görə, böyük təhdid altındadır. Ermənistan dövləti özünün çirkin siyasət maşınını ona qarşı işə salıb:

"Bütün ədalət tərəfdarı olan insanlar beynəlxalq təşkilatlara Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı Ermənistanın təzyiq və təhdidlərini pisləməyə çağıran müraciətlər göndərməlidirlər. Ədalət tərəfində olan belə insanlar təzyiq və təhdidlər qarşısında yalnız qalarsa, bu cür insanların sayı artmayacaq. Moldova ombudsmanı Aureliya Qriqoriuya dəstək göstərmək hər bir ədalət tərəfdarının borcudur. Dünyanın hər yerində yaşayan ədalətli insanlar beynəlxalq təşkilatları Aureliya Qriqoriunun təhlükəsiz şəkildə Ermənistandan çıxarılması üçün hərəkətə keçməyə çağırmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti