Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Cəfərov/
İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimi avqustun 4-də parlamentdə keçiriləcək. Trend-in İran televiziyasının rəsmi xəbər saytı "Iribnews"a istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin ikinci vitse-spikeri Məhəmmədrza Bahünər deyib.
O bildirib ki, andiçmə mərasimində Prezident, ali məhkəmə orqanının sədri və parlamentin sədri çıxış edəcək.
Bahünər qeyd edib ki, parlament nümayəndələri ölkənin inkişafı naminə yeni prezidentlə sıx əməkdaşlıq etməyə hazırdırlar.
Vitse-spiker yeni prezidentə Nazirlər Kabinetindəki səmərəli və işini bilən nazirlərdən istifadə etməyi məsləhət görüb.
Qeyd edək ki, andiçmə mərasimindən sonra yeni seçilmiş Prezident parlamentə Nazirlər Kabinetinin təşkili üçün müxtəlif nazir vəzifələrinə öz namizədlərini təqdim edəcək. Parlament nümayəndələri yeni nazir vəzifələrinə təqdim olunmuş şəxslərin təyinatını təsdiqləyəcək.
Bahünər deyib ki, Prezident Ruhani avqustun 4-dən sonra 2 həftə müddətində yeni kabinetin tərkibini səlahiyyətlərinin təsdiqi üçün parlamentə təqdim etməlidir.
O, əlavə edib ki, parlament 10 gün ərzində kabinetin səlahiyyətini araşdırmalı və öz rəyini açıqlamalıdır.