...

Sərdar Cəlaloğlu: Milli Şurada təmsil olunanlar Rüstəm İbrahimbəyovun mövqeyinin əsirinə çevriliblər

Siyasət Materials 9 İyul 2013 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Mehdiyev/

Rüstəm İbrahimbəyov Dağlıq Qarabağ məsələsində demək olar ki, Rusiyanın mövqeyini nümayiş etdirir. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Cəlaloğlu vurğulayıb ki, Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağı mübahisəli bir torpaq kimi nəzərdə tutması tamamilə yanlışdır: "Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın ərazisinə aiddir, Azərbaycanın işğal olunmuş torpaqlarıdır. Yəni burada mübahisəli bir məqam yoxdur. Amma Rüstəm İbrahimbəyovun bir müxalif lider kimi bu cür düşünməsi tamamilə yalnışdır".

Partiya sədri hesab edir ki, Milli Şura böyük yanlışlığa yol verib, çünki əgər Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədidirsə, onda o, milli məsələlərlə bağlı öz mövqeyini yox, Milli Şuranın mövqeyini ifadə etməlidir: "Misal üçün, elə Milli Şurada təmsil olunan partiyalar Dağlıq Qarabağın xalqın gözü qarşısında mübahisəli ərazi kimi tanınmasına razılıq verməzdilər və yaxud da bunu düzgün hesab etməzdilər. Yəni əgər Qarabağ məsələsi Milli Şurada müzakirə olunsaydı, fərqli mövqe ortalığa qoyulardı. Eləcə də digər məsələlərdə".

Cəlaloğlu hesab edir ki, gərək Milli Şura bu məsələyə yenidən qayıda və mümkün qədər çalışa ki, Qarabağla bağlı və digər ciddi siyasi məsələlərlə bağlı Rüstəm İbrahimbəyov öz mövqeyini yox, bütünlükdə Milli Şuranın mövqeyini ifadə etsin.

Partiya sədrinin fikrincə, Rüstəm İbrahimbəyovun ritorikası demokratik bir ritorika deyil: "Bu, ola bilsin ki, onun təcrübəsizliyindən irəli gəlir, ola bilsin ki, sovet dövründə püxtələşib, keçmiş sovet rejminin təsiri ilə bağlıdır. Yəni çox səbəblər var, amma hər halda düşünürəm ki, Milli Şura üzvlərinin günahıdır. Onlar öz liderlərinin hər bir sözünü filtrasiya etməlidir, ən azı, demokratik reallıqlardan çıxış edib o məsələləri uyğunlaşdırmalıdırlar".

Partiya sədri hesab edir ki, əvvəlcə Milli Şuranın müvafiq komissiyaları mövqe nümayiş etdirməlidir, sonra Rüstəm İbrahimbəyov onları nümayiş etdirməlidir: "Amma biz görürük ki, tərsinədir. Əvvəlcə Rüstəm İbrahimbəyov müəyyən bir mövqe nümayiş etdirir, sonra Milli Şura həmin mövqenin əsirinə çevrilir. Bu da təcrübəsizlikdən və Rüstəm İbrahimbəyov ilə onun komandası arasında işin düzgün qurulmamasından irəli gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti