...

Türkdilli ölkələrin azad ticarət zonası yaradıla bilər

Siyasət Materials 27 İyul 2013 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Türkdilli ölkələrin azad ticarət zonasının yaradılması məsələsi türkdilli ölkələrin dövlət başçılarının Bakı sammitində müzakirəyə çıxarılacaq. Bu barədə Trend-ə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov bildirib.

Onun sözlərinə görə, bu məsələ hazırda gündəlikdədir: "Əgər dövlət başçıları bununla bağlı ümumi qərar qəbul etsə, TürkPA onun qanunlaşdırılması istiqamətində konkret addımlar atacaq".

Qeyd edək ki, TürkPA-nın İqtisadi, ticarət və maliyyə komitəsinin bu il keçirilən toplantısında quruma üzv olan dövlətlər arasında gömrük rüsumlarının aradan qaldırılması, vergidən azad iqtisadi zonaların yaradılması layihəsi müzakirəyə çıxarılıb.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 20 illik yubileyini qeyd etmək üçün bu il avqust ayının 15-16-da Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək.

Xatırladaq ki, TürkPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən, Qırğızıstandan və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.

Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti