...

Müsavat-AXCP qarşıdurması: Cəbhəçilər də prezident seçkisində öz namizədi ilə iştirakını istisna etmir

Siyasət Materials 15 Avqust 2013 13:25 (UTC +04:00)
Milli Şuranın vahid namizəd məsələsi həllini tapmazsa, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) prezident seçkilərində öz namizədi ilə iştirak edə bilər.
Müsavat-AXCP qarşıdurması: Cəbhəçilər də prezident seçkisində öz namizədi ilə iştirakını istisna etmir

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın vahid namizəd məsələsi həllini tapmazsa, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) prezident seçkilərində öz namizədi ilə iştirak edə bilər.

AXCP sədrinin müavini Nurəddin Məmmədli Trend-ə bildirib ki, təmsil etdiyi partiya istənilən halda seçkilərdə iştirakın tərəfdarıdır: "Prinsip etibarı ilə hansısa bir variantda buna çalışacağıq. Əgər Milli Şuranın 19 avqust sessiyasına qədər Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi həll olunsa, biz onun namizədliyi ətrafında mübarizəmizi davam etdirəcəyik. Olmasa, yeni namizəd irəli sürüləcək".

Lakin N.Məmmədli seçkilərdə başqa alternativ variantlarda iştirakı da istisna etməyib. AXCP sədri Əli Kərimlinin seçkilərdə partiyanın namizədi kimi iştirakı ilə bağlı məsələyə gəlincə isə Məmmədli bu barədə danışmağın tez olduğunu deyib: "Hələ heç nə demək olmaz. Çalışacağıq ki, indiyə qədər olan siyasətimizi ardıcıllıqla davam etdirək, amma bizdən asılı olmayan müəyyən problemlər yaransa, başqa variantlar da istisna olunmur".

Qeyd edək ki, Milli Şurada təmsil olunan Müsavat Partiyası da Rüstəm İbrahimbəyovun vahid namizəd məsələsi reallaşmayacağı təqdirdə, öz namizədi ilə seçkilərə qatılacağını bildirib. Ekspertlər hesab edir ki, nə Müsavat Partiyası, nəd ə AXCP bu məsələdə bir-birlərinə güzəştə getməyəcəklər.

Xatırladaq ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti