Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanın Xəzərin özünə aid hissəsində hərbi-dəniz qüvvələrinin modernləşdirilməsi istiqamətində gördüyü işlər hər hansı digər ölkəyə qarşı yönəlməyib. Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu İran Dəniz Qüvvələri komandanı kontr-admiral Həbibulla Sayyarinin açıqlamasına münasibət bildirərkən deyib.
E.Sabiroğlunun sözlərinə görə, Xəzərin Azərbaycana aid hissəsində Azərbaycan dövlətinin həyata keçirdiyi işlər onun suveren hüququdur: "Burada silahlanma, hərbi-dəniz qüvvələrimizin modernləşdirilməsi hər hansı digər ölkəyə qarşı yönəlmiş addım hesab olunmamalıdır. Burada regionda sülh və sabitliyə hər hansı zərərli təsirdən söhbət gedə bilməz."
Qeyd edək ki, İran Dəniz Qüvvələri komandanı kontr-admiral Həbibulla Sayyari 2 gün öncə jurnalistlərə açıqlamasında bəzi ölkələrin regionda sülh və sabitliyin pozulmasında maraqlı olduğunu bildirməklə yanaşı, bəzi qonşu ölkələrin də digər ölkələrlə birgə Xəzərdə sabitliyin pozulması istiqamətində bəzi addımlar ata biləcəyini açıqlayıb.
Konkret olaraq Azərbaycanın İsraildən son raket satınalmalarına münasibət bildirən kont-admiral deyib ki, İran Xəzər dənizi üzərində bütün hərəkətləri izləyir və onların monitorinqini aparır: "Xəzər dənizi sülh və dostluq dənizidir. Xəzəryanı ölkələr region ölkələri ilə koordinasiya quraraq burada sülhü və dostluğu qoruyub saxlamalıdırlar."