...

Elmira Süleymanova: İcra hakimiyyəti və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsi yolverilməzdir

Siyasət Materials 11 Sentyabr 2013 18:57 (UTC +04:00)
İcra hakimiyyəti və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsi, vətəndaşlara qarşı qeyri-etik davranışı yolverilməzdir.
Elmira Süleymanova: İcra hakimiyyəti və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsi yolverilməzdir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İzzət/

İcra hakimiyyəti və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsi, vətəndaşlara qarşı qeyri-etik davranışı yolverilməzdir. Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova oktyabrın 9-da keçiriləcək Azərbaycan prezidenti seçkiləri ərəfəsində ombudsmanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası (MSK) ilə əldə edilmiş razılığa əsasən Aparat əməkdaşları üçün təşkil edilən treninqdə bildirib.

E.Süleymanova qarşıdakı prezident seçkiləri ilə bağlı seçki hüquqlarının, o cümlədən seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, müvəkkilin və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını, o cümlədən vətəndaşlarla görüşlərdə seçki hüququ ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparıldığını deyib.

Ombudsman ötən seçkilərdə olduğu kimi, müvəkkilin və əməkdaşlarının qarşıdakı seçkiləri də müşahidəçi qismində izləyəcəyini diqqətə çatdırıb.

E.Süleymanova paytaxt və regionlarda seçki hüquqları ilə bağlı birgə maarifləndirmə işinin daha da genişləndirilməsinin, vətəndaşların seçki hüququ ilə bağlı təlimatların və yaddaş kitabçalarının seçkiqabağı təbliğat və təşviqatın aparılmasında əhəmiyyət kəsb etdiyini və hüquqi nəşrlərin daha təkmil işlənib hazırlanmasının, yayılmasının, şəhər və rayonlarda bələdiyyələri və icmaları cəlb etməklə əhali ilə bu istiqamətdə müntəzəm iş aparılmasının, dairə və məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətinin və seçici siyahılarının daha da təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının zəruriliyini önə çəkib.

MSK-nın təmsilçisi Şahin Əsədli qarşıdakı prezident seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını vurğulayıb, təsisatın bu istiqamətdə fəaliyyətini, monitorinqlərini yüksək dəyərləndirib, həmçinin seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı geniş məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti