...

Gənclər Təşkilatlarının I Milli Konqresinin iştirakçıları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə bəyanat qəbul ediblər

Siyasət Materials 14 Sentyabr 2013 15:52 (UTC +04:00)
Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresinin iştirakçıları qəbul etdikləri bəyanatda 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.
Gənclər Təşkilatlarının I Milli Konqresinin iştirakçıları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə bəyanat qəbul ediblər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresinin iştirakçıları qəbul etdikləri bəyanatda 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.

Trend xəbər verir ki, sənəddə demokratik inkişaf yolunu tutmuş Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətin xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətləndiyi qeyd olunur:

"Əhalinin 30 faizini təşkil edən və cəmiyyətin fəal üzvləri olan gənclər də əldə olunan nailiyyətlərdən faydalanırlar. Aparılan dövlət siyasəti gənclərin daha keyfiyyətli və müasir təhsil almalarına, fiziki sağlam olmalarına, sosial cəhətdən təmin olunmalarına yönəlib. Uğurla aparılan bu siyasətin nəticəsində ölkəmiz tək iqtisadi inkişaf templərinə görə deyil, eyni zamanda gənclər siyasəti sahəsində lider dövlətlərdən biridir. 1993-cü ildə atılan uzaqgörən addımlar əsasında son 10 il ərzində ölkədə strateji sahələr üzrə tarixi irəliləyişlər əldə olunub".

Bəyanatda həmçinin bildirilir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, gənclərin potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır. Bu siyasətin reallaşması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, qəbul edilir, həyata keçirilir. Azərbaycan dövlətinin gənclərlə iş sahəsində apardığı siyasət müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib."

Konqres iştirakçıları bəyan ediblər ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsi, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi ölkəmizdə sabitlik və davamlı inkişafı təmin edib.

200-dən artıq gənclər təşkilatlarını təmsil edən Gənclər Təşkilatlarının I Milli Konqresinin iştirakçıları Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi naminə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində yüksək qürur və fəxr hissi ilə Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan edirlər."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti