Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Mehdiyev/
Ermənistan beynəlxalq təşkilatların korrupsiya oylağına çevrilib. "Minilliyin çağırışı" proqramı çərçivəsində Ermənistana 140-150 milyon dollar pul xərclənib, onun 14 milyonu kəndlilərə beli və ya yabanı necə istifadə etməklə bağlı mühazirələrə ayrılıb. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun üç dəfə maliyyələdirilmiş layihələri var: "Buna səbəb DB-nin və BVF-in özlərinin də oradan pul qazanmalarıdır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Ermənistana ayırdığı pullar əcaib vəziyyət yaradıb: bu pulların hesabına "Ermənistan "kasıb dövlətlərin" sırasından çıxıb, "inkişaf etməkdə olan dövlətlərin" sırasındadır. Əslində bu, kağızda belədir. Reallıqda Ermənistan elə kasıb dövlət olaraq qalır".
Politoloqun fikrincə, vəziyyəti maraqlı edən odur ki, Dünya Bankı yenidən yaxın 4 il ərzində Ermənistana 843 milyon dollar vəsait ayıracağı ilə bağlı strateji planını təsdiq edib.
M.Əhmədoğlu hesab edir ki, əgər yaxınlarda Beynəlxalq Valyuta Fondu da buna bənzər qərar qəbul etsə, deməli Ermənistana lazım olan 1,5 milyard dollar pul düzəlir: "Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistan üçün bu pulu tapıb düzəldərkən, Ermənistanı kasıb dövlət kimi nəzərdə tuturlar. Amma təkrar edirik ki, bu iki qurumun əvvəlki layihələri, guya, Ermənistanı "kasıb dövlətlər" kateqoriyasından çıxarıb, "inkişaf etmiş dövlətlər" kateqoriyasına qoşub. Belə olan təqdirdə beynəlxalq maliyyə qurumlarının (BMQ) özlərini rəsmi şəkildə təkzib etməsinin səbəbləri yalnız korrupsiya mexanizmi ilə bağlıdır. Bu rüsvayçılıqdır, Azərbaycan və ya başqa bir qurum BMQ-ləri küncə sıxmaqla, həmin mexanizmi yırtıb dağıtmaqla beynəlxalq maliyyə qurumlarını rüsvay edə bilər".
M.Əhmədoğlu bildirib ki, BMQ-lərin Ermənistanla bağlı bu addımı, yaratdıqları şərait və ya Ermənistanın iqtisadi parametrləri də diqqəti çəkir. Politoloq əlavə edib ki, Ermənistanda illik iqtisadi inkişaf tempinin 3.2 faiz olduğu rəsmən təsdiqlənib: "Bunu "yalanşünaslıq" üzrə professor, Baş nazir Tiqran Sarkisyan da etiraf etdi. BMQ-lərin Ermənistanda olan əvvəlki borclarına qulluq üçün Ermənistanın iqtisadi inkişaf tempi 7.2 faiz olmalıdır. Sonradan beynəlxalq maliyyə qurumları Ermənistan hökuməti ilə bu rəqəmin 6.4 faiz olmasını razılaşdırdılar".
Politoloqun sözlərinə görə, indiki iqtisadi inkişaf tempi Ermənistan hökuməti ilə BMQ-lərin razılaşdırdığı rəqəmdən 2 dəfə azdır: "Beləliklə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu əvvəlki borclarının faizini qaytara bilməyən Ermənistana yenidən kredit ayırır. Bunun səbəbi yalnız korrupsiyadır. Həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq maliyyə qurumları bu korrupsiyadan qazanırlar. Eləcə də, beynəlxalq maliyyə qurumları dünyamiqyaslı reytinq təşkilatlarını Ermənistana yüksək reytinq yazmağa vadar edir. Bu da Ermənistan rəhbərliyi üçün əlavə qazancdır".
M.Əhmədoğlu əlavə edib ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin də Ermənistanla beynəlxalq maliyyə qurumları arasındakı korrupsiya sövdələşmələrində iştirakı çox böyük ehtimaldır.