...

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Dekabr 2013 14:39 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul olunub.
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib.

Trend-in məlumatına görə, Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul olunub.

Müraciəti deputat Sevinc Hüseynova oxuyub.

Müraciətdə millət vəkilləri xalqımızı və millətimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik ediblər.

Müraciətdə deyilir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir-biri ilə və Azərbaycan Respublikası ilə əlaqələrini inkişaf etdirirlər, yerli diaspor təşkilatlarının siyasi, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi işinə daha yaxından cəlb olunur. Dünya azərbaycanlıları ilə bağların daha da möhkəmləndirilməsi, harada yaşamasından asılı olmayaraq soydaşlarımıza və həmvətənlərimizə qayğı göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Hər bir xalqın varlığının təməl şərtlərindən biri onun milli birliyi və həmrəyliyi ilə bağlıdır. Həyat sübut edir ki, etnik siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olurlar. Getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.

Sənəddə deyilir: "Dünyanın qüdrətli xalqlarından olan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəliş yolu on milyonlarla soydaşımız və həmvətənimizin milli mənlik şüuru əsasında birləşməsindən keçir. Bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası dünya azərbaycanlılarının doğma Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Asiyada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyyətlərlə fəxr edirlər. Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz buna görə xalqımız 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevi yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xətti, Heydər Əliyev kursunu davam etdirmək istədiyini bir daha ifadə etmişdir. Dünya azərbaycanlıları Azərbaycanın əldə etdiyi uğurlara sevinməklə yanaşı, vətənimizin taleyüklü problemlərinin həll ediləcəyini səbirsizliklə gözləyirlər.

Qarşıda dayanan ən vacib vəzifə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. Bütün dünya azərbaycanlıları səylərini cəmləşdirsələr, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənəmizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Əziz soydaşlar, dəyərli həmvətənlər! Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafeələrinin qorunması naminə birliyə çağırırıq".

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət himni səslənib. Bununla da Milli Məclisin 2013-cü il payız sessiyasının işinə yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti