...

Arzu Rəhimov: Dövlət Xidməti hamıdan çox maraqlıdır ki, çağırışçılar hərbi xidmətə tam sağlam yola salınsınlar

Siyasət Materials 13 Fevral 2014 10:36 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hamıdan çox maraqlıdır ki, ordu sıralarına çağırılan çağırışçılar və göndərilən əsgərlər tam sağlam yola salınsınlar.
Arzu Rəhimov: Dövlət Xidməti hamıdan çox maraqlıdır ki, çağırışçılar hərbi xidmətə tam sağlam yola salınsınlar

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hamıdan çox maraqlıdır ki, ordu sıralarına çağırılan çağırışçılar və göndərilən əsgərlər tam sağlam yola salınsınlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A.Rəhimov deyib ki, bir sıra gənclər hərbi tibbi komissiyadan keçərkən öz xəstəliklərini gizlətməyə cəhd edirlər: "Bu, onların ordu sıralarında xidmət etmək istəyindən irəli gəlir. Təkcə Müdafiə Nazirliyində deyil, ümumiyyətlə, bütün qoşun növlərində çağırışçılar qəbul olunan zaman fəaliyyət göstərən hərbi tibbi komissiyadan keçirlər".

Onun sözlərinə görə, bütün qoşun növlərində bu istiqamətdə tədbirlər görülür və dərindən yoxlamalar aparılır, əgər onlarda xəstəlik aşkar olunsa, geri qaytarılırlar: "Çağırışçılar bir daha tibbi komissiyalara cəlb olunurlar və yenidən yoxlanıldıqdan sonra onlarda aşkar olunan xəstəliklərin müalicəsi üçün tədbirlər görülür və növbəti çağırışda əgər xidmətə yararlıdırsa, çağırışa cəlb olunur, hərbi hissələrə göndərilir və ya möhlət hüququna malikdirsə, ona möhlət hüququ verilir. Yəni bütün məqamlarda qanunvericiliyiə ciddi əməl olunur".

Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyindən bildirilmişdi ki, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.

Qeyd edək ki, fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Prezident İlham Əliyev 2012-ci il fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycanın Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti