...

ABŞ Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə həsr olunan tədbir keçirilib (FOTO)

Siyasət Materials 21 Fevral 2014 04:42 (UTC +04:00)
Cari ilin fevralın 19-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Merilənd ştatının paytaxtı Annapolis şəhərində yerləşən Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair təşkil edilən tədbirdə iştirak edib.
ABŞ Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə həsr olunan tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Cari ilin fevralın 19-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Merilənd ştatının paytaxtı Annapolis şəhərində yerləşən Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə dair təşkil edilən tədbirdə iştirak edib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində Akademiyanın kursant və müəllim heyəti qarşısında çıxış edən səfir ABŞ tarixində önəmli rol oynamış yüzlərlə dövlət xadiminin məzunu olduğu belə bir mötəbər təhsil müəssisəsində olmaqdan məmnunluq duyduğunu ifadə edib.

Səfir Ümummilli lider Heydər Əliyevin NATO-nun təsis edilməsinin 50 illiyi ilə əlaqədar ABŞ-a işgüzar səfəri çərçivəsində 1999-cu il 23 aprel tarixində Akademiyada etdiyi tarixi çıxışı xatırlatmış və bu xüsusda kursant-müəllim heyəti önündə çıxış etməyin qürurverici olduğunu bildirib.

İlkin olaraq Azərbaycan Respublikasının coğrafi mövqeyi, ölkəmizin tarixi və demokratik dövlətçilik ənənələri barədə görüş iştirakçılarına qısa məlumat verən səfir Şərqdə ilk parlamentli respublikanın məhz Azərbaycanda təsis edildiyini və ölkəmizdə qadınların səsvermə hüququnun ABŞ-dan belə öncə tanındığını diqqətə çatdırıb.

Azərbaycanın Avropadan Asiyaya gedən nəqliyyat və kommunikasiya yolları üzərində əhəmiyyətli bir strateji mövqedə yerləşdiyini vurğulayan diplomat çətin təhlükəsizlik mühitinə və coğrafi reallıqlara baxmayaraq müstəqillik illəri ərzində Azərbaycanın həm daxili, həm də xarici siyasətdə böyük uğurlara imza atdığını qeyd edib.

Daha sonra ABŞ-Azərbaycan münasibətləri barədə danışan səfir münasibətlərin strateji xarakter daşıdığını bildirib və bunun göstəricisi olaraq ölkələrimizin bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ümumi mövqeyə malik olduğunu bəyan edib. Diplomat Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirakı, habelə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyi, daşımalar üçün yaradılmış tranzit imkanları və ölkəmizin qeyri-hərbi töhfələri barədə kursant-müəllim heyətini məlumatlandırıb.

Ölkəmizin uğurları və regionda lider dövlətə çevrilməsində məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən enerji siyasətinin həlledici faktor olduğu vurğulanıb.

Səfir enerji resurslarının mövcudluğunun özü-özlüyündə inkişaf və uğurun təminatçısı olmadığını qeyd edərək Ümummilli lider Heydər Əliyev və Prezident cənab İlham Əliyev tərəfindən aparılan praqmatik siyasətin enerji resurslarının ölkənin inkişafı və parlaq gələcəyi naminə səmərəli istifadə edilməsinin bariz nümunəsi olduğunu bildirib. Bundan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xatırladan səfir Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi regional enerji layihələrinin uğurla həyata keçirilməsində ABŞ-Azərbaycan tərəfdaşlığının və həmin dönəmdəki ABŞ rəhbərliyinin Cənubi Qafqaz regionu ilə bağlı nümayiş etdirdiyi uzunmüddətli və bütün tərəflərin maraqlarına cavab verən strateji yanaşmasının önəmli rola malik olduğunu bildirib.

Təhlükəsizlik çağırışlarının gücləndiyi hazırkı dönəmdə yalnız bu tipli obyektiv, davamlı və etibarlı tərəfdaşlıq münasibətləri və uzunmüddətli strateji yanaşmanın regionun inkişafı və gələcək perspektivləri baxımından böyük uğurlar vəd edə biləcəyi xüsusilə vurğulanmışdır. Səfir, habelə həyata keçirilməkdə olan enerji layihələri - Trans-Adriatik (TAP) və Trans-Anadolu Qaz kəmərləri (TANAP) sayəsində Azərbaycan qazının 2019-cu ildən başlayaraq Avropa bazarlarına çıxarılacağı və yaxın illərdə ölkəmizin dünya miqyaslı qaz ixracatçısına çevriləcəyini bildirib.

Sonda diplomat kursant-müəllim heyətini Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandıraraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsinin hələ də işğal altında olmasını diqqətə çatdırmış və tezliklə münaqişənin ədalətli həllinin tapılmasının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar edilməsi üçün əsas amil olduğunu qeyd edib. Səfir Minsk Qrupunun həmsədrlərindən biri olaraq Ermənistan-Azərbaycan münaqişənin həlli prosesində ABŞ-ın daha aktiv və məqsədyönlü rolunun zəruri olduğunu bildirib.

Çıxış sonrası səfir Akademiyanın rəisi vitse-admiral Maykl Miller ilə ikitərəfli görüş keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən gələcəkdə azərbaycanlı tələbələrin Akademiyada təhsil almaq imkanları və digər mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, səfər çərçivəsində səfir Hərbi Dəniz Qüvvələri Akademiyasının 4000 nəfərlik kursant heyəti ilə birgə nahar edib.

Məlumat üçün bildirək ki, 1845-ci ildən fəaliyyət göstərən Hərbi Dəniz Akademiyası ABŞ-ın ən mötəbər hərbi təhsil ocaqlarından biri hesab olunur. Akademiyada ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları üçün peşəkar zabit və mütəxəssislər hazırlanır.

Xəbər lenti

Xəbər lenti