Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının "Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə" Qanun qəbul olunub.
Trend xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, protokola əsasən, razılığa gələn tərəflər quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitini və sahilyanı ərazilərini çirklənmədən qorumaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal həddə aradan qaldırmaq üçün Konvensiyanın müddəalarına əsasən fərdi və ya birgə bütün zəruri tədbirləri həyata keçirirlər.
Sənədə əsasən, tərəflər məlumat mübadiləsi aparacaq, ətraf mühitə təsirin qiymətləndirilməsi və monitorinqi istiqamətində birgə tədbirlər görəcəklər.
Qeyd edək ki, sənəd qəbul olunmamışdan əvvəl, müzakirələr zamanı millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanın Xəzər dənizinin sahilinin zəbt edilməsi ilə bağlı fikirlərini bildirib.
Z.Xanlarova Nardaran camaatının problemlərini diqqətə çatdırıb. Millət vəkili öncə ölkə Prezidentinə onların problemlərinin həllində yaxından diqqət göstərdiyinə görə minnətdarlığını bildirib: "Mən Naradaranın işıq, qaz, su problemlərini cənab Prezidentin nəzərinə çatdırdım. O da sağ olsun ki, bu məsələyə çox böyük diqqətlə yanaşaraq onların həlli istiqamətində addımlar atdı. Bu gün bu məsələdə artıq ciddi problem yoxdur. Bu gün Nardaran camaatını daha çox dənizin sahillərinin imkanlı adamlar tərəfindən hasarlanması narahat edir. Maştağa tərəfdə evlər tikilib, hasar çəkilib. Camaat ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar, bəs dənizi niyə alırlar? Tikiblər, sağlıqlarına qismət. Amma hasarlarla dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var evi hasara alsınlar, bir də var dənizi hasara alıblar".
Millət vəkilinin bu fikirləri həmkarı Qalib Salahzadə tərəfindən etirazla qarşılanıb. O, qeyd edib ki, Z.Xanlarovanın dediyi ərazinin heç də Nardarana və Maştağaya aidiyyəti yoxdur: "Zeynəb xanımın dediyi torpaqlar Bilgəh torpaqlarıdır. O tarpaqların Naradaran camaatına heç bir aidiyyəti yoxdur".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Xəzər dənizi ilə bağlı bəzi həyəcan doğuran məsələlərə toxunub: "Nabrandan tutmuş Lənkərana qədər obyektlərin suları təmizlənmədən Xəzər dənizinə axıdılır. Biabırçılıqdır. Belə olan halda bu Prokotokolu qəbul etsək də, onun heç bir əhəmiyyəti olmayacaq. Əgər ona əməl etməsək, Allahın bizə verdiyi nemətlər məhv olub gedəcək".
Digər millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə qeyd edib ki, Xəzər dənizinin sahilləri bir dəstə şəxslər tərəfindən, demək olar ki, işğal edilib: "200-300 m, 1 km uzunluğunda hasarlar çəkilib. Artıq dənizi görmək mümkün deyil. Vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirdilər. İndi isə demək olar ki, dənizin içinə giriblər".
S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda Xəzər sahili ilə bağlı qanun qəbul edilməlidir.
Millət vəkili Zahid Oruc da Xəzər dənizinin ətrafı ilə bağlı qanunun olmasının məqsədəmüvafiq olduğunu bildirib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə deyib ki, Xəzəri çirkləndirənlər ayrı-ayrı obyektlərin sahibləridir. Vitse-spiker belə adamları sərt tənqid atəşinə tutub: "Onlar mənim üçün azərbaycanlı deyil. Azərbaycanlı olan hər kəs Vətənin təmizliyini, o cümlədən Xəzər dənizinin təmizliyini qorumalıdır".