Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir S.Ağayeva/
Fransada yerləşən Ərəb İrsi Mədəniyyət Mərkəzinin Misirin "Nefertiti Media Production" şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü il üzrə dünyanın ən nüfuzlu xanımı elan edilib. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Qeyd edilən sorğu 8 mart 2013-cü il və 10 yanvar 2014-cü il tarixləri arasında Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet istifadəçiləri arasında keçirilib. Sorğuya hökumət başçısı, iri müəssisələrin və xeyriyyəçi təşkilatların rəhbərləri olan xanımların adları salınmışdı.
Mehriban xanım Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, mədəniyyətin və beynəlxalq mədəni mübadilənin təbliğinə, elm, sağlamlıq, idman, təhsil, texnologiya, ətraf mühit sahəsindəki nailiyyətlərinə, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, kimsəsiz uşaqlara qayğı və digər xeyirxah xidmətlərinə görə layiq görülüb.
Bu barədə Ərəb İrsi Mədəniyyət Mərkəzinin direktoru xanım Reem Alkatri Belhassous Azərbaycanın Fransadakı səfirliyinə ünvanlandığı məktubda məlumat verib.