...

Azərbaycanda ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib

Siyasət Materials 25 İyun 2014 10:08 (UTC +04:00)
Keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib.
Azərbaycanda ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib. Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.

Nazirin sözlərinə görə, hazırda müəssisələr tərəfindən təhvil verilən ərzaq məhsullarının keyfiyyəti Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul olunur və şəxsi heyətin təminatı üçün mərkəzləşdirilmiş qaydada hərbi hissələrə paylanılır: "Ərzaq məhsullarının keyfiyyətinin yüksək səviyyədə yoxlanılması məqsədilə yeni laboratoriya binasının inşa edilməsi və müasir avadanlığın alınması nəzərdə tutulub".

Z.Həsənov qeyd edib ki, hərbi hissələrdə şəxsi heyətə keyfiyyətli, dadlı yeməklərin hazırlanması üçün peşəkar mülki aşpazların işə qəbul edilməsi həyata keçirilib və yeni müasir yeməkxana avadanlığının alınması üzrə işlər görülüb. Həmçinin hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti