...

Bahar Muradova: Regionda münaqişənin həlli ilə bağlı qətnamə qəbul edilirsə, niyə Dağlıq Qarabağ münaqişəsi unudulur?

Siyasət Materials 28 İyun 2014 12:06 (UTC +04:00)
Regionda münaqişənin həlli ilə bağlı qətnamə qəbul ediriksə, regiondakı bütün münaqişələr nəzərdə tutulmalıdır.
Bahar Muradova: Regionda münaqişənin həlli ilə bağlı qətnamə qəbul edilirsə, niyə Dağlıq Qarabağ münaqişəsi unudulur?

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Regionda münaqişənin həlli ilə bağlı qətnamə qəbul ediriksə, regiondakı bütün münaqişələr nəzərdə tutulmalıdır. Niyə Dağlıq Qarabağ münaqişəsini unudursunuz? Onsuz da 22 ildir, məhz ABŞ da daxil olmaqla ATƏT bir nəticəyə gələ bilmir. İndi niyə bunun üstündən susqunluqla keçib, birtərəfli qətnaməni müzakirəyə çıxarırsınız?". Trend-in məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun Bakıda keçirilən yay sessiyasında Ukrayna ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qeyd edək ki, sessiya çərçivəsində bu gün keçirilən Daimi Komitənin iclasında münaqişələrlə bağlı hissədə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə sessiyaya təqdim etdiyi qətnamə layihəsini müzakirəyə çıxarıb.

Qətnamə layihəsində Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

B.Muradova qeyd edib ki, münaqişələr mövzusunda belə qətnamənin qəbulu ədalətsizdir: "ABŞ Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün ciddi addımlar atmalıdır. Biz Azərbaycan olaraq 22 ildir işğal olunmuş ərazilərimizin geri qaytarılmasını gözləyirik və məhz sizdən gözləyirik. Biz belə bir qətnamənin həllini 22 ildir gözlədiyimiz halda, siz bizim ölkədə yenə də bunun üstündən keçib, sırf yeni münaqişə ilə bağlı birtərəfli qətnamə qəbul edirsiniz. Biz düşünürük ki, regionda mövcud münaqişələrin, yeni yarana biləcək münaqişələrin qarşısını almaq üçün ATƏT-in addımlar atmaq şansı yaranıb. Ona görə də biz təklif və tələb edirik ki, cənab Kardin ya bu qətnaməyə bütün konfliktləri salsın, burada əks olunacaq müddəalar balanslı şəkildə Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın maraqlarını əhatə etsin, ya da bu sənədi geri götürüb, üzərində işləyib, yubileyinə hazırlaşdığımız "Helsinki+40" tədbirində müzakirəyə təqdim etsin. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur, birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib. Ona görə də indiki halda sənədin qəbulunun tam əleyhinəyik".

Xatırladaq ki, Rusiyanın "Helsinki prinsipləri"ni pozması barədə qətnamə layihəsi ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23 yay sessiyasının gündəliyinə daxil edilib. Bu qətnamə layihəsinin gündəliyə daxil edilməsinə 30 üzv ölkə səs verib, 5 ölkə əleyhinə səs verib, digər ölkələr isə səsvermədə iştirak etməkdən imtina edib.

Qətnamənin iyulun 1-də müzakirə edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti