Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/
"Ukrayna hadisələrinin təyinatı dəyişir. Rusiyanı zəiflətmək, geosiyasi imkanlarını birdəfəlik məhdudlaşdırmaq üçün ortalığa atılmış Ukrayna hadisələri dünyada yeni geosiyasi qayda-qanunun yaranmasına xidmət edir". Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Ukrayna səmasında Malayziya təyyarəsinin vurulması və bu hadisənin ətrafında baş verənlərin əsas məqsədi Ukraynada baş verənləri böyütmək, zamanla uzatmaq üçün stimul yaratmaq idi: "Suriyada vəziyyət sabitləşib, dövlət təxminən əvvəlki qaydada idarə olunur, Snouden effekti sönür, əvəzində Ukrayna nəhəng geosiyasi mexanizm kimi fəaliyyət göstərir. Bundan əlavə Çin özünü çox rahat vəziyyətdə hesab edir. Həm ABŞ, həm də Rusiya Çinlə münasibətlərdə yalnız optimist bəyanatlar verirlər. Hər iki tərəf Çini özünün tərəfdaşı kimi təqdim edir".
M.Əhmədoğlunun fikrincə, BRİKS (BRICS - beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) yeni güc mərkəzi kimi mövqeyini xeyli möhkəmləndirdi: "Braziliya və Argentina kimi qonşularına ABŞ-ın diqqət verməməsi bu iki dövləti, eləcə də bütövlükdə Latın Amerikasını ABŞ-dan uzaqlaşdırır. İndiki halda RF-yə yaxınlaşdırır. Rusiya özünü daha haqlı hesab etməyə başlayıb. ABŞ-Rusiya qarşıdurması Avropanı seçim qarşısında qoyub. Qloballaşma dövründə ABŞ-ın soyuq müharibə dövründə olduğu kimi bütün Avropa dövlətlərini Rusiyadan uzaqlaşdırması mümkün deyil. Rusiyanın neft-qaz və digər təbii ehtiyatlarından Avropanın istifadə etməməsi qeyri-mümkün görünür. ABŞ Avropaya Rusiyadan əlaqədən imtina üzrə kompensasiya verə bilməyəcək".
Politoloqun sözlərinə görə, indiki qarşıdurmadan sonrakı Rusiyanın hansı vəziyyətdə olacağını Qərb strateqləri hesablamayıblar: "İndiki zamanda Rusiyanın dağılmasından danışmağın mənası olmasa da, onun birdən-birə dağılması Avropa üçün ciddi problemlər yarada bilər. Suriya uğrunda gedən geosiyasi mübarizədə ABŞ özünü qalib hesab edirdi. Ukrayna hadisələrində Rusiyanın inamlı olmasının əsas səbəbi Suriyada ABŞ-ı udmasıdır. V.Putin Rusiyanın daxilini təmizləməyə başlayıb. Beləliklə, zaman keçdikcə ABŞ-ın daxili faktorlarla da Rusiyaya təsir etməsi mümkün deyil. Şimali Qafqaz əhalisinin müharibə ehtirası Ukraynada ölür. Geosiyasi burulğanda diqqət çəkən ən mühüm məsələlərdən biri ABŞ, Aİ və Rusiyanın iqtisadi maliyyə baxımından zəifləməsidir. Çin isə qazanır. Hərbi proseslərdə Rusiya güclənir. ABŞ və NATO ya durğunluq dövründədir, ya da zəifləyir. Rusiya hərbisinin güclənməsinin əsas səbəbi inkişaf üçün lazım olan stimulu tapmasıdır. SSRİ-nin dağılmasından 20 ildən çox keçməsinə baxmayaraq, Qərb Rusiyanın bir çox strukturlarına müdaxilə edə bilsə də, Rusiyanın hərbi strukturu ABŞ üçün bağlı idi; sovet ruhu rus ordusunda yaşayırdı. İndi ABŞ-ın düşmən obrazında təqdim olunması rus hərbisini gücləndirəcəkdir.
B.Obama başda olmaqla ABŞ-ın siyasi elitası reytinqini itirir. Rusiyada hakimiyyətə inam getdikcə artır. ABŞ-ın qonşu dövlətlərin xalqlarında nüfuzu azaldığı halda Rusiya MDB məkanında müxtəlif vasitələrlə mövqeyini möhkəmləndirə bilir. Soyuq müharibənin olmayacağını bildirən B.Obama Putinlə münasibətlərdə tədricən zəifləyir. Nəzərə alınmalıdır ki, soyuq müharibənin olub-olmayacağını təkcə B.Obama müəyyənləşdirmir. Çin proseslərə yön verməklə soyuq müharibəni başlada və uzun müddət davam etdirə bilər".