Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Qazaxıstan arasında növbəti XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.
Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan tərəfini isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib.
Azərbaycanın Qazaxıstanla bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. O, həmçinin ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında qazaxıstanlı həmkarına ətraflı məlumat verib və sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasını yüksək qiymətləndirdiyimizi bildirən X.Xələfov problemin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədiyi, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi təqdirdə isə Azərbaycanın bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu vurğulayıb.
Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini bildirən Samat Ordubayev paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. Qazaxıstanlı nazir müavini ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərlərinin müstəsna rolunu vurğulayıb.
Görüş zamanı regionda baş verən mühüm hadisələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.