Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
əl-Cəfəri ölkəsindəki vəziyyət barədə məlumat verib və son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın bütün bunların bərpasında iştirak imkanlarına baxılmasına xahiş edib.
E.Məmmədyarov İraqa son səfərini yüksək qiymətləndirərək, aparılmış görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını tərəf müqabilinin diqqətinə çatdırıb.
Nazir iraqlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib. Həmçinin, BMT tərəfindən münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edən E.Məmmədyarov dost ölkələrin münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli həllinə dəstəyinin yüksək qiymətləndirildiyini deyib.
O, iraqlı naziri ölkəmizə rəsmi səfərə dəvət edib və dəvət məmnuniyyətlə qəbul edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.