Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" imzaladığı sərəncam çox ciddi əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bu fikri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, son zamanlar cəmiyyətimizdə, o cümlədən parlamentdə cəbhəyanı zonalara xüsusi statusların verilməsi ilə bağlı çağırışlar edilirdi.
Onun sözlərinə görə, təmas xəttində Ermənistan hərbi birləşmələrinin son təxribatları və onun nəticələri dövlət başçısının bu sərəncamının nə qədər vacib sənəd olduğunu bir daha sübut edir: "Əgər bu təxribatlar ordumuzun yüksək döyüş qabiliyyətini ortaya qoydusa, yüksək döyüş ruhunu göstərdisə, istənilən əmri yerinə yetirməyə hazır olduğunu təsdiqlədisə, digər problemlərin də olduğunu ortaya çıxardı. Bu, həm də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyi məsələsini, burada ordunun hərəkətini, mətbuatın tutduğu mövqeni, ictimaiyyətlə əlaqələrdə problemləri və s. məsələləri üzə çıxardı. Bununla da həmin problemlərin həlli zərurətinin qaçılmazlığı öz təsdiqi tapdı. Ona görə də belə bir sərəncamın verilməsi kifayət qədər aktualdır. Sərəncam cəmiyyətdə yaranan narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər ciddi əhəmiyyətə malikdir".
Vitse-spiker hesab edir ki, bu sənəd hər kəsi məsuliyyətli olmağa, öz işinə peşəkar yanaşmağa, milli maraqları qorumağa çağırır: "Çünki hərbi və dövlət sirlərində diqqətli olmaq lazımdır. Hesab edirəm ki, dövlət başçısının sərəncamı bu məsələdə ciddi töhfələr verəcək və hər kəsin məsuliyyətini artıracaq. Eyni zamanda, dövlət sirlərini yayanlar qanun qarşısında cavab verməli olacaqlar".